Blinken: “Danışıqlarda proqres əldə olunub”
İyunun 29-da Vaşinqtonda Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üç gün davam edən sülh danışıqlarının nəticəsi haqda mətbuata məlumat verdi.
Dövlət katibi ilk olaraq hər iki tərəfə Vaşinqtonda keçirilən ikinci görüşdə iştiraklarına görə minnətdarlığını bildirdi:
“Ermənistan və Azərbaycan arasında dayanıqlı sülh sazişinin əldə edilməsi, eləcə də ölkələr arasında münasibətləri inkişaf etdirə biləcək bir sıra digər vacib məsələlərin həlli istiqamətində davam etdirilən mühüm və gərgin işə görə böyük təşəkkür və minnətdarlığımı bildirirəm,” Blinken dedi.
Blinken tərəflərin ortaq sülh razılığı əldə etmək məqsədinə doğru əldə etdikləri proqresi alqışladı:
“Bir müddət sonra birgə bəyanatda qeyd ediləcəyi kimi, mən əlavə məqamlarla bağlı razılıqlar, o cümlədən həllinə ehtiyac olan digər məsələlərlə bağlı tərəflərin bir-birini daha yaxşı anlaması, eyni zamanda yekun saziş əldə olunması istiqamətində irəlidə çətin işin görülməli olduğunun dərk edilməsini yüksək qiymətləndirirəm,” o dedi.
Dövlət katibi “ümumi razılığa gəlmək məqsədilə müxtəlif məsələlər üzrə əlavə razılıqlar və bu görüşlər vasitəsilə əldə etdiyimiz momentumdan istifadə etmək üçün” bu prosesi növbəti həftələr və aylarda davam etdirməyi səbirsizliklə gözlədiyini bildirdi.
“Düşünürəm, hər kəs yaxşı bilir ki, bəzi hallarda razılığa nə qədər çox yaxınlaşsanız, bu, bir o qədər çətinləşir, çünki adətən ən çətin məsələlər sona qalır,” dövlət katibi Blinken əlavə etdi.
Antoni Blinken anlayış və razılıq əldə etmək üçün səmiyyətin əhəmiyyətini vurğuladı.
“Hər kəsin nümayiş etdirdiyi səmimiyyət, açıqlıq, dürüstlük ruhunu çox yüksək qiymətləndirirəm,” o dedi.
Sonda dövlət katibi tərəflərə əldə olunan irəliləyişə və bu səyləri qarşıdan gələn həftələrdə davam etdirmək qətiyyətlərinə görə minnətdarlığını bildirdi.
Amerikanın səsi