Jurnalist İmran Əliyevə qarşı yeni ittiham irəli sürülüb

“Meclis.info” platformasının həbsdə olan rəhbəri İmran Əliyevə qarşı yeni ittiham irəli sürüldüyü deyilir.

Əliyevin yaxınları Turana deyib ki, aprelin 26-da İmraan Əliyevə qarşı Cinayət Məcəlləsinin 206.3.1 ( Qaçaqmalçılıq- təkrar törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

Bundan əvvəl ona qarşı CM-nin 206.3.2 (Qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham elan olunmuşdu. Beləliklə indi Əliyev Cinayət Məcəlləsinin. hər iki maddəsi ilə ittiham olunur.

Hər iki maddə üzrə sanksiyalar eynidir – 5 ildən 8 ilə qədər həbs.

Lakin hər iki maddə üzrə ittihamın olması bu müddətlərin yuxarı həddinə yaxın cəza təyin edilməsi ehtimalını artırır.

* İmran Əliyev aprelin 18-də hökumətyönlü Qafqaz.info saytında Abzas Media və Toplum TV-nin əməkdaşları ilə birlikdə onun da pul qaçaqmalçılığı ilə əlaqəsi olduğu haqqında məqalə dərc edildikdən sonra saxlanılıb.

Aprelin 19-da məhkəmə Əliyevi iki ay müddətinə həbs edib. Məhkəmədə o, etiraf ifadəsi vermək məqsədilə döyüldüyünü və elektrik cərəyanından istifadə ilə işgəncələrə məruz qaldığını bildirib.