ABŞ Tbilisini Əfqan Sadıqovu “dərhal” azad etməyə çağırır
TURANın Vaşinqton müxbiri xəbər verir ki, çərşənbə axşamı ABŞ Gürcüstan hakimiyyətini ötən həftə Tbilisidə saxlanılaraq deportasiya mərkəzinə yerləşdirilən azərbaycanlı jurnalist Əfqan Sadıqovu “dərhal” azad etməyə çağırıb.
“Biz Əfqan Sadıqovun Tbilisidə saxlanılması ilə bağlı xəbərlərdən dərin narahatıq. Biz Gürcüstan hakimiyyətini insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə və onu tez bir zamanda azad etməyə çağırırıq”, – Dövlət Departamentinin sözçüsü TURANın Vaşinqton müxbirinə bildirib. Sadıqov Azərbaycan tərəfinin tələbi ilə avqustun 3-də Tbilisidə saxlanılıb.
Ertəsi gün Tbilisi şəhər məhkəməsi onun ekstradisiyası ilə bağlı üç aylıq həbs qərarı çıxarıb. “Onun həbsi Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyaların davam etdiyi bir vaxta təsadüf edir və biz bir daha Azərbaycan hökumətini haqsız yerə həbs olunanların hamısını dərhal azad etməyə, vətəndaş cəmiyyəti, o cümlədən xaricdəkiləri hədəfə almamağa və mətbuat azadlığına zərbə vurmaq cəhdlərinə son qoymağa çağırırıq”, Dövlət Departamentinin nümayəndəsi Turana bildirib.
Sadıqov keçmiş siyasi məhbusdur, 2016-cı ildən Bakıda bir neçə dəfə həbs edilib və reportajlarına görə bir ildən çox həbsdə yatıb. Sadıqov 2023-cü ilin dekabrından Gürcüstanda yaşayır. Onun və ailə üzvlərinin təhdid və hədələrə məruz qaldığı bildirilir. İyulun 17-də Sadıqova Tiflis Beynəlxalq Hava Limanından Türkiyəyə getmək icazəsi verilməyib və sərhəd nəzarəti əməkdaşları ona yalnız Azərbaycana uça biləcəyini bildiriblər.