Müsavat xalqa müraciət etdi – Musavatın namizədlərinə səs verin

Müsavat Partiyasının Mətbuat Xidmətindən “Başta”ya verilən məlumata görə, Partiyanın Seçki Qərargahı xalqa müraciət edib.

Müraciətdə deyilir:

Əziz həmvətənlər!
Hörmətli xanımlar və bəylər!

Müsavat Partiyası azad və ədalərli seçki mühitinin olmadığı indiki şəraitdə bütün çətinliklərə baxmayaraq seçki marafonuna qoşulub.

İndiyədək ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən 25 seçki dairəsində namizədlərimiz qeydə alınıb.
Bəzi digər seçki dairələrindən namizədlərimizin qeydə alınması uğrunda mübarizəmiz davam edir.

Namizədlərimiz sırasında ölkənin tanınmış siyasət və dövlət xadimləri, professor və elmlər doktorları, Qarabağ qazisi, şəhid atası, ixtiraçı alim və xalq təsərrüfatının müxtəlif sahələrində uğurlar qazanmış mütəxəssislər var.

Biz çox qısa müddətdə davam edəcək seçki kampaniyası dövründə qeydə alınan namizədlərimiz, onların seçki komandaları və bütün mövcud resurslarımız vasitəsi ilə ölkədə olan ümumi siyasi ab-havanın dəyişməsinə, cəmiyyətin diqqətinin seçki prosesinə cəlb ediməsinə, arzusunda olduğumuz Azərbaycan haqqında planlarımızı hər kəsin diqqətinə çatdırmaq niyyətindəyik.

Yaxın günlərdə təhsil, səhiyyə, ədalət mühakiməsi sahəsində islahatlar, korrupsiya və rüşvətxorluğun aradan qaldırılması, pensiyaların, əmək haqlarının artırılması, uşaq pullarının verilməsi, quru sərhədlərin açılması, monapoliyalara son qoyulması, gənclərimizin kütləvi şəkildə ölkəni tərk etməsinə səbəb olan problemlərin həll olunması, bütün sahələrdə bərabər imkanlar şəraitinin yaradılması və başqa bu kimi mühüm məsələləri əhatə edən seçki plarformamız ictimaiyyətə təqdim ediləcək.

Müsavat Partiyasının istinad nöqtəsi, dayağı, güvəndiyi güc mərkəzi yalnız Azərbaycan xalqıdır.

Sizin etimadınız və dəstəyiniz təsir imkanlarımızın artmasına, inkişafımıza mane olan və xalqı düşündürən ən mühüm problemlərimizin yalnız öz aramızda, sosial mediada, internet resurslarında deyil, ali hakimiyyət orqanlarında, ən yüksək dövlət qurumlarında müzakirəsinə və həllinə səbəb olacaq.

Əziz həmvətənlər!

Hər kəsi Azadlıq Ədalət Hüquqi dövlət uğrunda apardığımız mübarizədə bizə dəstək olmağa, Müsavat Partiyasının namizədlərinə səs verməyə çağırırıq.

Yolumuz açıq, işimiz avand olsun!

Müsavat Partiyasının Seçki Qərargahı

 

Basta2