Ruslan İzzətli məhbus yoldaşlarının ürək ağrıdan hekayələrini yazdı
Artıq 20 aydır Kürdəxanı Təcridxanasındayam. Burada olan insanların hər birinin ürəkağrıdan hekayəsi var.
Mən burda görmə qabiliyyəti olmayıb soyğunçuluqda ittiham edilən, bədəninin iflic olmasına baxmayaraq narkotik satışı ilə ittiham olunan, atasının cinayətinə görə cəzalandırılan övladlar gördüm. Cəsarətsizlik içində boğulan insanların hekayələrini ürək ağrısı ilə dinləyirəm. Həm də düşünürəm ki, düşdükləri bu vəziyyətin bir səbəbkarı da özləridir. Müsahibələrimdə, yazılarımda hər zaman deyirdim ki, haqsızlığa susmaq, seyirci qalmaq sizi növbəti qurban olmaqdan xilas etmir. Təəssüf ki, zamanında susan, seyiçi qalaraq ədalətsizliyin qurbanı olanları Kürdəxanıda görürəm. Çünki məmləkətdə ədalət ilahəsi Femidanın ədalət tərəzisi itaətkar toplumda çoxdan güclünün yanında yer almaqla seçimini edib.
Sizə ədalətsizliyin qurbanı olan bir ailənin acı hekayəsini yazacam. Bəlkə bu hekayəni oxuyub, dövləti idarə edənlər haqsızlığa məruz qalan bir gəncin fəryadına çatarlar.
Rzayev Şücaət əslən Lerik rayonundan olsa da, 3 nəfərdən ibarət ailəsi ilə birlikdə Bakıda yaşayır. İki oğlu və ağır onkoloji xəstə olan həyat yoldaşı ilə birlikdə öz zəhməti ilə yaşayan Şücaət kişinin sosial şəbəkədə qarşılaşdığı bir video ilə həyatı dəyişir. Ağaxanov Nəzirxan adlı bir şəxs davamlı olaraq sosial şəbəkədə talışlara qarşı kin və düşmənçilik aşılayan video çıxışlar edirmiş. Bu şəxsin təhqir dolu video çıxışları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edirlər. Rəsmi müraciətlərə baxmayaraq heç bir hüquqi addım atılmır. Nəticədə Şücaət kişi milli hisslərinin təhqir olunmasına emosional reaksiya verir və öz bildiyi formada Nəzirxanı cəzalandırır. Hind filmlərində olduğu kimi hadisə baş verəndən sonra hüquq-mühafizə orqanları görünməyə başlayır. Nəticədə Şücaət kişi və biri azyaşlı olmaqla iki oğlu, bir neçə dostu və yaxını həbs olunur.
Zamanında Ağaxanov Nəzirxana Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə-milli, irqi yöndə nifrət və düşmənçiliyin salınması üzrə cinayət işi açılsaydı, arzuolunmaz mənzərə də ortaya çıxmazdı.
Yazımın əvvəlində qeyd etmişdim ki, atanın cinayətinə görə oğlu cəzalandırılır. Sizə atasına görə cəzalandırılan Rzayev Kamran Şücaət oğlununun hekayəsini danışacam.
24 yaşlı Rzayev Kamran İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibədə göstərdiyi igidliyə görə bir neçə medalla təltif edilib. Müharibədən qayıtdıqdan sonra ağır xəstə olan anasının müalicəsinə kömək olmaq üçün işləməyə başlayır. İşdə olduğu zaman eşitdiyi xəbər təkcə onun yox, bir çoxunun həyatını dəyişir. Kamran xəbər alır ki, atası aylardır sosial şəbəkədə talışları təhqir edən Nəzirxanı cəzalandırıb.
Hadisədən sonra atası və azyaşlı qardaşı Murad və bir çox yaxını həbs olunur. Artıq ailənin yükü Kamranın çiyinlərinə düşür. Bir tərəfdə ağır xəstə olan ana, digər tərəfdə həbxanada olan ata və azyaşlı qardaş…
Həbs olunan atası və qardaşının hər həftə həbsxanada ziyarət etməklə yanaşı, xərçəng xəstəsi olan anasının müalicəsinin dayanmaması üçün daha çox çalışmağa başlayır. Amma Kamranın dərdi bununla da bitmir. İştirakçısı olmadığı cinayətə görə ittiham olunur və həbs edilir. Artıq ağır xəstə olan ananın həyat yoldaşı və iki oğlu həbsdədir. Yardıma ehtiyacı olan ana artıq həbsxana yollarında qalır.
Aylar sonra Kamranın azyaşlı qardaşı Muradın həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunur. Həmin dönəm yaxşı yadımdadır, Şücaət kişi korpusda mənə yaxınlaşdı, sevincdən gözləri parıldayırdı. Dediyi bir cümləni heç unutmuram: “Ruslan müəllim, ölüm və yaşam mübarizəsi aparan həyat yoldaşımın heç olmasa son anında bir övladı yanında olacaq”.
8 kvadrat metrlik kamerada iki övladı ilə həbs həyatı yaşayan atanın fəryadına Muradın ev dustaqlığına çıxması az da olsa məlhəm oldu.
Kamranın qardaşı haqda qərarla ədalətin tam bərpa olunacağına inamı artdı. İştirakçısı olmadığı cinayət işinə görə həbs olunması ilə barışmayan Kamran təqsirsizliyini sübut edəcək bütün faktları məhkəmə istintaqına təqdim etdi. Zərərçəkmiş belə təsdiq etdi ki, cinayət günü Kamran orada olmayıb. Kamran və ailəsi inanırdı ki, məhkəmə sonda onun haqda bəraət verəcək və haqq etdiyi azadlığa qovuşacaq.
Kamranın məhkəməsi artıq yekunlaşmaq üzrədir. Məhkəmədən gələn qeyri-rəsmi xəbərlər onda ədalətə olan inamı sarsıtdı. Düşünür ki, məhkəmə onun haqq etdiyi azadlığa qovuşdurmayacaq.
Son görüşümüzdə Kamran məni sual atəşinə tutdu. Çarəsiz, ədalətə inamı sarsılmış gənc sanki suallarının cavabında təskinlik axtarırdı. “Ruslan müəllim, mən İkinci Qarabağ müharibəsində döyüşdüm. 30 ilə yaxın davam edən ədalətsizliyə döyüşərək son qoyduq. Sizcə Qələbənin 5-ci ilini bayram edəcəyimiz bir dönəmdə məni ədalətsiz qərarla üz-üzə qoyacaqlarmı?”- sualını verən Kamrana cavab verə bilmədim.
Bu suala dövləti idarə edənlər cavab versin. Vətən, bayraq eşqi ilə yaşayan bir gənci uğrunda döyüşdüyü bayrağın asıldığı məhkəmədə ədalətsizliklə üz-üzə qoymayın.
Ruslan İzzətli
Kürdəxanı İstintaq Təcridxanası