Müsavat Partiyası 2021-ci il üçün fəaliyyət istiqamətlərini açıqladı

Müsavat Partiyası yola saldığımız 2020-ci ilin siyasi, iqtisadi, sosial təhlilini apararaq qarşıdan gələn 2021-ci ildə ölkə və cəmiyyət üçün vacib hesab etdiyi xüsusi fəaliyyət istiqamətlərini müəyyən edib.

 

Müsavat Partiyası 2021-ci ildə özünün təsir imkanlarını və cəlbediciliyini daha da artırmaq, cəmiyyətin bütün təbəqələri ilə əlaqələrini genişləndirmək, yeni üzvlərin- xüsusilə gəncləri və qadınları partiya sıralarına cəlb etməklə yerli təşkilatlarını gücləndirmək, ölkənin ictimai-siyasi həyatında iştirak payının artırılması istiqamətində fəaliyyətini davam etdirəcək.

 

Müsavat Partiyası cəmiyyətin daha çox hissəsinin maraqlarını təmsil etmək məqsədi ilə təşkilati və texniki imkanlarını səfərbər etməyi, ölkədə baş verənlərin vətəndaşlara çatırılması işində müasir texnoloji vasitələrdən, həmçinin partiyanın yerli təşkilatlarının imkanlarından istifadə etməyi planlaşdırır.

 

Müsavt Partiyası cəmiyyətiin maraqlarını əks etdirən əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirib:

 

1. Covid-19 pandemiyası ilə mübarizə sahəsində

 

Müsavat Partiyası 2020-ci ilin əvvəlindən dünyanı bürümüş Covid-19 pandemiyası ilə bağlı ümumi prosesi 2020-ci ildə olduğu kimi 2021-ci ildə də yaxından izləməklə mövcud olan və bundan sonra da ortaya çıxacaq problemlərin monitorinqini apararaq, prosesi ümumi olaraq diqqət mərkəzində saxlamaqla, cəmiyyəti narahat edən əsas problemlərin, neqativ halların müəyyənləşməsində və aradan qaldırılması işində təkliflər və tələblərlə çıxış etməyi vacib hesab edir.

 

Müsavat Partiyası 2020-2021 ci illər ərzində pandemiyadan xüsusi əziyyət çəkmiş sosial qrupların müəyyənləşdirilməsi, həmin qrupların maraqlarının müdafiəsi işini artırmağı, aztəminatlı vətəndaşların, işsizlərin, iş yerini müvəqqəti itirənlərin, pensiyaçıların, sahibkarların, tibb, səhiyyə, təhsil işçilərinin, orta təbəqənin yaranmış problemlərini daim gündəmdə saxlamağa, problemləri aidiyyati qurumlar qarşısında qaldırmaqla həllinə çalışacaq. Sosial təminat və səhiyyə sahəsində mövcud olan problemlərin həlli istiqamətində hakimiyyətin lazımı addımlar atmasına nail olmaq, dövlət və hakimiyyət orqanlarının fəaliyyətini nəzarətdə saxlamaq, məsul şəxsləri və dövlət orqanlarını zərərli, vətəndaşın maraqlarına zidd olan addımlardan çəkindirmək istiqamətində fəaliyyətini daha da artıracaq.

 

Pandemiya dövründə aztəminatlı əhalinin həyat şəraitinin yaxşılaşdırılması, yeni və uzunmüddətli iş yerlərinin yaradılması, məvaciblərin və maaşların normal səviyyəyə qaldırılması, pandemiyadan əziyyət çəkən qruplara dövlət tərəfindən güzəştlərin və lazımi dəstəyin verilməsi məsələləri də 2021-ci il üçün diqqət mərkəzində olacaq məsələlərdəndir.

 

2. Suverenliyin təmin olunması sahəsində

 

Müsavat Partiyası 27 ildən artıq vaxt ərzində işğal altında olan ərazilərimizin əksər hissəsinin azad edilməsinin xüsusi əhəmiyyətini qeyd edərək, Yuxarı Qarabağın bütün ərazisində Azərbaycanın suverenliyinin tam təmin edilməməsinin, Vətən Müharibəsinin nəticələrinin ciddi təhlilini və atılmalı olan vacib addımlarla bağlı davamlı müzakirələrin aparılmasını zəruri hesab edir.

Müsavat Partiyası suverenliyimizə aid məsələləri davamlı olaraq müvafiq dövlət qrumlarının və ictimaiyyətin diqqətində olmasının zəruriliyini vurğulayaraq, bu məsələləri xüsusi diqqət mərkəzində saxlamağı 2021-ci il üçün əsas prioritet sahə hesab edir.

 

Müsavat Partiyası bundan sonra da ərazi bütövlüyümüzə, dövlət suverenliyinə aid olan məsələləri xüsusi diqqətdə saxlamaqla, hakimiyyətin bu istiqamətdə siyasətini yaxından izləyəcək. Bu istiqamətdə atılan addımların Azərbaycan dövlətinin və cəmiyyətinin maraqlarına zidd olacağı təqdirdə ilk növbədə hakimiyyəti doğru olmayan addımlardan çəkindirməyə çalışacaq, səlahiyyətli şəxslərin daha prinsipial addımlar atması üçün xüsusi fəaliyyət göstərəcək.

 

Müsavat Partiyası dövlət maraqlarına zidd hesab etdiyi istənilən addımın qarşısını almaq üçün hakimiyyət də daxil olmaqla digər ciddi siyasi institutların, vətəndaş cəmiyyətinin və medianın diqqətini cəlbetmə və müzakirə yoluyla almağa, mümkün olmadıqda isə cəmiyyətin etirazını təşkil etməklə Azərbaycanın maraqlarına zidd fəaliyyətlərin qarşısını almaq üçün effektiv mübarizə aparmağa çalışacaq.

 

Müsavat Partiyası, həmçinin öz fəaliyyətində müharibənin nəticəsində yaranmış ümumi vəziyyəti nəzərə alaraq, Şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının sosial vəziyyətlərinin, rifahlarının yaxşılaşdırılması işini, bu qrup insanlara maddi-mənəvi və psixoloji yardımlar edilməsi işinə dəstək verəcək. Bu sahədə görülən işləri yaxından izləyərək neqativ halların qarşısını almağa çalışacaq.

 

Müsavat Partiyası həmçinin çalışacaq ki, azad olunmuş torpaqlarda aparılacaq yenidənqurma və təmir-bərpa işlərində dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinin monitorinqini aparsın, bu sahədə yeyinti və qeyri şəffaflıq olmasın, olacağı təqdirdə bu haqda ictimaiyyəti məlumatlandırsın.

 

Müsavat Partiyası Yuxarı Qarabağda mövcud vəziyyətin beynəlxalq hüquqa və ərazi bütünlüyü prinsipinə uyğun olaraq həll edilməsi, Azərbaycanın bütün ərazisində Azərbaycan Konstitusiyası və qanunlarının işləməsinə nail olmaq üçün öz imkanlarından da istifadə edərək fəaliyyətini daha da artıracaq.

 

3. Demokratiya, azadlıqlar və insan haqları sahəsində

 

Müsavat Partiyası postmüharibə dövrünü də nəzərə almaqla yeni yaranmış vəziyyəti analiz edərək hesab edir ki, indiki şəraitdə ölkədə demokratiya və azadlıqlarla bağlı, konkret olaraq məhkəmə-ədliyyə sahəsində, söz və ifadə azadlığı və digər fundamental hüquqlarla bağlı islahatlara daha çox ehtiyac və imkanlar var.

 

Müsavat Partiyası 2021-ci ildə məhkəmə-hüquq sistemində islahatların, söz və ifadə, seçki və sərbəst toplaşma azadlıqlarının təmin edilməsi üçün qanunların və şəraitin verdiyi bütün imkanlardan istifadə edərək mübarizəsini davam etdirəcək.
Siyasi məhbusların, günahsız həbs edilən vətəndaşların hüquqlarının qorunması işində yaxından iştirak edəcək. Konstitusiyaya və qanunlara, cəmiyyətin və dövlətin maraqlarına zidd bütün fəaliyyətlərin ictimailəşməsində və qarşısının alınmasında, bu sahələrdə faktların əldə edilməsi, baş verənlərin ictimai müzakirəsinin təşkilində və qiymətləndirilməsi işində fəaliyyətini artıracaq.

 

Müsavat Partiyası hesab edir ki, ölkədə bərabərhüquqlu siyasi rəqabət şəraitinin, gerçək çoxpartiyalı sistemin bərqərar olmasını təmin etmək üçün demokratik islahatların aparılması, o cümlədən seçki sisteminin və qanunvericiliyinin demokratikləşdirilməsi, bu məqsədlə müvafiq qanun və qərarların hazırlanıb qəbul edilməsi zəruridir.

 

Müsavat Partiyası proporsianal seçki sisteminin bərpası və gerçək yerli özünüidarəetmə sisteminin formalaşmasına nail olmaq üçün 2021-ci ildə referendum keçirilməsi istiqamətində fəaliyyət göstərəcək, bu məsələnin geniş təşviqi ilə məşğul olacaq. Seçki qanunvericiliyinin və seçki komissiyalarının beynəlxalq standartlara uyğun şəkildə formalaşmasına nail olmaq üçün təsir imkanlarına malik olan siyasi partiyalarla, QHT və ictimai təşkilatlarla birgə müzakirələr təşkil etmək üçün üzərinə düşün işləri görəcək.

 

Müsavat Partiyası demokratik dəyərlərə sadiq olan, prinsip və məramları Müsavat Partiyasının ideoloji-siyasi xəttinə zidd olmayan siyasi və ictimai təşkilatların, siyasət və dövlət xadimlərinin, ziyalıların əməkdaşlıq və mütəfiqlik münasibətlərinin təmin olunması üçün səylərini 2021-ci ildə də davam etdirəcək.

 

4.  Korrupsiya ilə mübarizə sahəsində

 

Müsavat Partiyası ölkə iqtisadiyyatının korrupsiya, rüşvətxorluq və monopoliyadan əziyyət çəkdiyini, işləyən əhalinin 90 faizinin büdcədən, büdcəsi də əsasən neftdən asılı olan iqtisadi vəziyyətin pozitiv istiqamətə dəyişməsi üçün ciddi iqtisadi islahatlara və siyasi iradəyə ehtiyac olduğunu düşünür. Hazırkı şəraiti, pondemiya və postmüharibə gerçəklərini də nəzərə alaraq partiyanın mövcud sosial-iqtisadi siyasətlə bağlı proqram və təkliflərini yeniləyərək ictimai müzakirəyə çıxarmağı, ölkə iqtisadiyyatında liberallaşmanın, azad bazar iqtisadiyyatına əsaslanan bir sistemin qurulmasını və bu istiqamətdə fəaliyyətin artırılmasını vacib hesab edir.

 

Müsavat Partiyası 2021-ci il üçün vətəndaşın rifah şəraitinin yaxşılaşdırılması, yeni iş və istehsalat sahələrinin yaradılması, kənd təsərrüfatı sahəsində, məvaciblərin-pensiyaların artırılması, Bank faizlərinin azaldılması və digər vacib sosial-iqtisadi sahələrdə islahatların əks olunacağı proqramını yenidən işləyərək ictimai müzakirəyə çıxarmağı planlaşdırır. Həmçinin, hazırlanmış təkliflərin həyata keçirilməsində hökümətə təsir mexanizimlərinin hazırlanması və tətbiq edilməsi istiqamətində işlərin görülməsini nəzərdə tutur.

 

5. Partiya quruculuğu

 

Müsavat Partiyası təsir imkanlarını artırmaq məqsədi ilə partiya quruculuğu və təşkilatlanma işini əsas məqsədlərdən biri kimi görür. 2021-ci ildə Müsavat Partiyasının təsir imkanlarını və cəlbediciliyini artırmaq, pariyaya yeni üzvlərin, o cümlədən gənclərin, qadınların cəlb olunması məqsədi ilə müvafiq tədbirlər planı hazırlanıb həyata keçiriləcək.

Pandemiya dövrünün davam etdiyi müddətdə partiya fəaliyyətinin onlayın əlaqələr vasitəsi ilə qurulması işinin yaxşılaşdırılmasına səy göstəriləcək.

 

Rayon təşkilatlarının möhkəmləndirməsi, fəaliyyətin dinamikliyinin artırılması, təkliflərin dinlənilməsi və müvafiq partiya tapşırıqlarının çatdırılması məqsədi ilə mütəmadi olaraq zona və Ümumrespublika müşavirələri təşkil olunacaq.

2021-ci ildə məlum pandemiya problemlərinin aradan qalxdığı halda, belə müşavirələr birbaşa regionlarda təşkil olunacaq, həmçinin ölkənin ictimai-siyasi həyatındakı problemləri davamlı müzakirə etmək üçün konfransların, dəyirmi masaların, dinləmələrin təşkil edilməsi işiləri artırılacaq.

 

6. Siyasi əlaqələrin genişləndirilməsi

 

Müsavat Partiyası keçən illərdə olduğu kimi ölkədə fəaliyyət göstərən gerçək müxalifət partiyaları, ictimai təşkilatlar, birliklər, ziyalılar, gənclər təşkilatları və digər qurumlarla yaradılmış səmərəli əməkdaşlıq mühitinin inkişaf etdirilməsini,
bununla yanaşı vətəndaş cəmiyyəti institutları, ayrı-ayrı sosial təbəqələrin və qrupların nümayəndələri ilə əlaqələrin genişləndirilməsini, ictimai rəyə təsir edə biləcək vətəndaşların aktiv siyasi proseslərə cəlb edilməsi işində fəaliyyətini gücləndirəcək.

 

7. Media ilə əlaqələrin genişləndirilməsi

 

Müsavatçılıq ideologiyasının, milli məfkurə və liberal demokratik siyasi xəttin geniş təbliğ edilməsi, mövcud media resurslarının gücləndirilməsi, mümkün olan media qurumları ilə əməkdaşlıq etməyi yenidən gözdən keçirməyi, hakimiyyətin nöqsanları və vətəndaşların maraqlarına zidd failiyyətlərlə cəmiyyəti davamlı və ardıcıl olaraq məlumatlandırmaq, belə fəaliyyətlərin qarşısını almaq uğrunda mübarizəni artırmaq Müsavat Partiyasının 2021 ci il üçün planlaşdırdığı fəaliyyət sahələrindən biridir.

 

8. Beynəlxalq münasibətlər və xarici siyasət

 

Müsavat Partiyası xarici əlaqələrini daha da gücləndirmək istiqamətində fəaliyyətin bir qədər də artırmaq məqsədi ilə dünyada, xüsusi ilə postsovet məkanında, Türkiyədə, Amerikada və Avropa ölkələrində yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi işində yeni addımlar atmağı,
xaricdə yaşayan müsavatçıların təşkilatlanması işini effektiv hala gətirməyi planlaşdırır.

 

Müsavat Partiyasının da üzvü olduğu Avropa Liberal və Demokratik Alyansının (ALDE) imkanlarından Azərbaycanın milli maraqları, o cümlədən ölkəmizdə demokratik dəyərlərin müdafiəsi və inkişafı üçün istifadə edilməsi, həmin quruma daxil olan siyasi partiyalarla əlaqələrin daha da inkişaf etdirilməsi,
Postsovet məkanı ölkələri xalqlarının Avroatlantik məkana inteqrasiya istiqamətində apardıqları mübarizəyə dəstək verilməsi,
GUAM birliyinin Türkiyə Cümhuriyyətinin də daxil olması ilə gücləndirilməsi istiqamətində təbliğat və digər səylərin artırılması,
Qafqazın demokratikləşdirilməsi uğrunda “Potsdam prosesi”nin davam etdirilməsi,
Yuxarı Qarabağla bağlı yaranmış son durumun milli maraqlarımıza və beynəlxalq hüquq normalarına uyğun olaraq həlli prosesinə dəstək verilməsi, həlli gözlənilən məsələlərin milli maraqlarımıza və beynəlxalq hüquq normalarına zidd istiqamətdə getdiyi halda isə ictimai-siyasi müqavimətin təşkil edilməsi,
Azadlıq və demokratiya sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əlaqələrin inkişaf etdirilməsi,
Güney Azərbaycanda milli hüquqlar və insan haqları uğrunda mübarizəyə, həmçinin belə mübarizəyə görə təqib edilən milli fəallara dəstək verilməsi,
Azərbaycanda fundamental hüquq və azadlıqların təmin edilməsi, azad və ədalətli seçkilərin keçirilməsinə dünya ictimaiyyətinin diqqətinin artırılması, Avrointeqrasiya siyasətinin davam etdirilməsi 2021-ci ildə Müsavat Partiyasının xarici siyasət sahəsində əsas prioritetləri olacaqdır.