Apellyasiya Məhkəməsindən gözlənilən qərar
Bu gun Bakı Apellyasiya Məhkəməsi “Basta” saytının baş redaktoru, Müsavat Partiyasının Mətbuat və İnformasiya Departamentinin rəhbəri Mustafa Hacıbəylinin şikayətinə baxıb.
Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib və Binəqədi rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
“Qərar gözlənilən idi, çünki Azərbaycanın indiki reallığında polis müxalifərçı jurnalisti döyə bilər, amma prokurorluq və məhkəmə bununla bağlı cinayət işi qaldıra bilməz” – deyə, Mustafa Hacıbəyli qərarı şərh edib.
2020-ci il fevralın 11-i Bakıda, Mərkəzi Seçki Komissiyasının binası qarşısında keçirilən aksiya dağıdılarkən tutulan Mustafa Hacıbəyli xüsusi təyinatlı polis maşınının içində üç nəfərin onu döyməsindən şikayətçidir.
Xəsarətlər aldığı rəsmi tibbi ekspertizada təsdiqlənən Mustafa Hacıbəyli Binəqədi Rayon Prokurorluğundan döyülməsi ilə bağlı cinayət işi başlanmasını istəyib, ancaq prokurorluq müraciəti təmin etməyib.
Prokurorluğun qərarı ilə razılaşmayan Mustafa Hacıbəyli Binəqədi Rayon Məhkəməsinə üz tutub. O, Binəqədi Rayon Prokurorluğunun cinayət işi başlamamaq qərarının ləğvini istəyir.
Binəqədi Rayon Məhkəməsi, məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti təmin etməyib.
Novator.az bildirir ki, 1972-ci il təvəllüdlü Mustafa Hacıbəyli Qarabağ müharibəsi əlilidir. İndiki Dövlət İdarəçilik Akademiyasını bitirib, Şərqi Avropada Demokratiyanın İnkişafı İnstitutunun layihəsi əsasında Polşada jurnalistika sahəsi üzrə ixtisaslaşıb. “525-ci qəzet”də, “Yeni Müsavat” qəzetində çalışıb, “Demokrat” qəzetinin baş redaktoru olub. “Basta” saytını 2015-ci ildə yaradıb.