Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP-ın rəhbərliyindən KƏNARLAŞDIRILDI
Bu gün Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı keçirilib. Ölkə başçısı İlham Əliyev yenidən partiyanın sədri seçilib. Azərbaycanın I vitse-prezidenti sədrin I müavini təyin olunub, məlumatı Yeni Azərbaycan Partiyası yayıb.
Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.
Qeyd edək ki, Partiyanın VI qurultayına qədər partiyanın sədr müavinləri Mehriban Əliyeva, Əli Əhmədov, Əli Həsənov və Akif Əlizadə olub.
Partiyanın Siyasi Şurası ləğv olunub, 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası və 35 nəfərdən ibarət Veteranlar Şurası yaradılıb. Arif Rəhimzadə Veteranlar Şurasının sədri seçilib.
Siyasi Şuranın 84 üzvü vardı. Onların arasında keçmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, sabiq parlament spikeri Oqtay Əsədov, BDU-nun keçmiş rektoru Abel Məhərrəmov, sabiq deputat Hadı Rəcəbli və başqa vəzifələrindən uzaqlaşdırılmış şəxslər təmsil olunurdu.
Report YAP-ın İdarə Heyətinə istinadən yazır ki, İdarə Heyətinin keçmiş üzvləri – Prezidentin keçmiş köməkçisi Əli Həsənov və millət vəkili Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıblar.
Bu günədək partiyanın Siyasi Şurasının üzvü olan AMEA rəhbəri Ramiz Mehdiyev isə yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib.
İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.
Bundan başqa, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Sahibkarlar Partiyası Yeni Azərbaycan Partiyasına qoşulub.