Müsavat başqanının 8 Mart təbriki
Müsavat Partiyasının başqanı Arif Hacılı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib.
Təbrikdə deyilir:
“Əziz xanımlar!
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.
8 Mart artıq uzun illərdir ki, öz əvvəlki siyasi mahiyyətini itirərək bütün dünyada Qadınlar Günü kimi qeyd olunur. Bu gün Azərbaycanda da sevimli bayram günlərindən biridir. Azərbaycan qadını öz zəkası, müdrikliyi, intellekti, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub, ailənin əsas dayağı kimi həmişə yüksək dəyər sahibi olub.
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən hələ ötən əsrin əvvəllərində bəzi inkişaf etmiş ölkələrdə olduğundan daha tez qadınlarımıza geniş siyasi hüquqlar, xüsusilə seçkilərdə iştirak hüququ verilməsi ilə daim qürur duyuruq.
Xanımlarımız ötən əsrin əvvəllərində Azərbaycanda azad, demokratik bir dövlətin qurulmasında mühüm rol oynadıqları kimi, əsrin sonunda da milli-azadlıq hərəkatında fəal iştirak etdilər. İstiqlalımızın bərpası uğrunda gedən mübarizənin önündə oldular.
Azərbaycan qadınları bütün fəaliyyət sahələrində çalışdıqları kimi ölkənin ictimai-siyasi həyatında da mühüm rola malikdirlər. İndi qadınların ictimai-siyasi proseslərdə iştirakı və rolu, təsir imkanları artır. Azərbaycan qadınları da bütün dünyada gedən bu ümumi prosesdə özünəməxsus rola malikdirlər.
Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədə də Azərbaycaqn qadınının böyük rolu var. Həyat yoldaşını, övladını, qardaşını, atasını itirən xanımlarımız oldu. Azərbaycan qadınının ləyaqətli və qürurlu davranışı qələbəmizi təmin edən hərbi qulluqçularımızın vətən savaşında əzmkarlığını, fədakarlığını daha da artıran əsas amillərdən biri oldu.
İndi bütün dünyada, həmçinin Azərbaycanda qadın hüquqlarının müdafiəsi, gender bərabərliyiyi uğrunda mübarizə cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri kimi dərk olunur.
İnanıram ki, Azərbaycanda qadınlarımızın da bütün hüquqlardan tam olaraq yararlanacağı hüquqi dövlət, azad cəmiyyətin qurulacağı gün də uzaqda deyil.
Əziz xanımlar!
Sizi bir daha 8 Mart Qadınlar Günü münasibəti ilə təbrik edir, Sizə can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”