İstanbul polisindən Bayram Məmmədovun ölümü barədə anlaşılmaz açıqlama – Yenilənib

Keçmiş vicdan məhbusu, Heydər Əliyevin abidəsinə sistem əleyhinə şüar yazanlardan biri Bayram Məmmədovun İstanbulda meyiti tapılıb.  

 

İstanbulun Kadıköy rayon polisindən Turan-ın müxbirinə fəal Bayram Məmmədovun ölümü ilə bağlı bəzi təfərrüatları açıqlayıblar.

 

Polisdən Turan-ın sorğusuna cavab olaraq bildiriblər ki, mayın 2-də saat 15:00-a yaxın polis bir nəfərin dənizə girdikdən sonra geriyə üzməməsi barədə məlumat aldıqdan sonra hadisə yerinə gedib.

 

“Hadisə şahidlərinin ifadələrinə görə, 25-30 yaşlarında gənc dənizə girib, sonra başmağının ayaqdan çıxdığını görüb. Bir müddət suda çabalayıb, amma üzə bilməyib, sonra isə gözdən itib.

 

Sonradan cəsəd Heydərpaşa stansiyası ərazisində çıxarılıb Nümunə xəstəxanasına aparılıb. Mayın 4-də itkin düşmüş dostunu axtarmaq üçün polisə gələn şəxsə mərhumun fotosunu göstəriblər. O, Azərbaycan vətəndaşı, 1995-ci ildə anadan olmuş Bayram Məmmədovu tanıyıb”  – istintaqın cavabında bildirilir.

 

Dostlarının məlumatına görə, bu gün məhkəmə-tibbi ekspertiza keçiriləcək. Cənazənin Vətənə göndərilməsi üçün nə vaxt veriləcəyi hələlik məlum deyil.

 

“25-30 yaşlarında gənc dənizə girib, sonra başmağının ayaqdan çıxdığını görüb” ifadəsinin mənası anlaşılmir.

 

 

Bayram Məmmədovun İstanbulda meyiti – tapıldı

 

Heydər Əliyevin Bakıdakı heykəlinin üzərinə yazı yazmasına görə həbs edilən, siyasi fəal Bayram Məmmədovun Turkiyədə vəfat etməsi barədə bu gün səhər xəbərlər yayılıb.

 

Yayılan xəbərləri Azərbaycanın rəsmi qurumları hələ təsdiq etməyib.

 

Hazırda Türkiyədə Bayram Məmmədovun ölümü ilə bağlı polislə əlaqə saxlayan Elgiz Qəhrəman Turan agentliyinə polisin araşdırma apardığını bildirib.

 

“Bayramla bağlı iki gün idi xəbər ala bilmirdik. Dünən, mayın 4-də polis mənə bildirdi ki, iki gün əvvəl onun dənizdən cəsədi çıxarılıb. Polisdə ölümün səbəbləri ilə bağlı hələ dəqiq məlumat yoxdur. Hazırda polis ölümün intihar, qəza və qəsd olduğu ilə bağlı araşdıma aparır. Mənə cəsədin fotosunu göstərdilər, onunla kimliyini müəyyən etdik. Bu gün morqa gedib, baxacam, sonra daha dəqiq biləcəm. Amma, fotoda hər şey aydındır. O Bayramdır, bu barədə şübhəm yoxdur,” Bayram Məmmədovun Türkiyədə yaşayan dostu Elgiz Qəhrəman Turana bildirib.

 

 

***

 

 

Sosial şəbəkədə mərhumun dostlarının yaydığı məlumata görə, B.Məmmədovdan iki gündür xəbər olmayıb. Mayın 4-də axtarışa verilib. Polis isə dənizdən onun cansız bədəninin tapıldığını bildirib.

 

Bayram Məmmədovun intihar etdiyi iddia olunur. Lakin bir çoxları buna şübhə ilə yanaşır. Hər halda hələlik intihara dair heç bir dəlil-sübut, yaxud mənbə göstərilmədiyi halda, bu versiyanın qabardılması etirazla qarşılanıb.

 

Müsavat başqanı Arif Hacılı Bayram Məmmədovun müəmmalı ölüm xəbərindən sarsıldığını bildirib: ” Üç gün əvvəl, onunla əlaqənin olduğu sonuncu gün, ailəsinə evə dönəcəyini bildirən, ən ağır günlərində də üzündən gülüş əskik olmayan bu gənc dostumuzun intihar etməsi heç inandırıcı görünmür”.

 

“H. Əliyevin heykəli üzərinə yazdığı bir tarixi cümlə ilə tarixə düşən, həmin cümləyə görə də başı dəhşətli bəlalar çəkən Bayramın elə həmin hadisənin ildönümü ərəfəsində həlak olması da bir başqa müəmmadır”- deyə, Arif Hacılı özünün feysbuk hesabında yazıb.

 

Müsavat başqanı ümid edir ki, Türkiyə Ədalət Mühakiməsi İstanbulda baş verən bu dəhşətli hadisənin müəmmalarını aşkara çıxarıb bütün suallara aydınlıq gətirməyə nail olacaq: “Bayram Məmmədovun itkisi yalnız ailəsi, yaxınları, dostları üçün deyil, onu tanıyan, onun mübarizəsinə dəyər verən hər kəs üçün ağır itkidir”.

 

Jurnalist Əfqan Muxtarlı yazıb ki, hadisənin baş verdiyi sahildə adətən çox sayda polis olur. Lakin Buna Bayram Məmmədovun intihar etməsinin heç bir şahidi yoxdur.

 

“İstanbulda olarkən Bayramın bir gecə qonağı olmuşdum. Xeyli söhbət etdik. Avropada master təhsili üzrə proqram qazanmışdı. İstanbulda olmağının səbəbi də hazırlaşmaq idi.Hazırlıq səbəbindən sosial şəbəkələrdə hesablarını bağladığını söylədi. Ölkə üçün böyük arzuları vardı. Mükəmməl təhsil alıb Azərbaycana dönəcəyini söylədi. Hadisənin detalları tam məlum olmasada hökümətyönlü saytlar artıq Bayramın intihar etdiyini yazır. Nəsə intihar görüntüsü yaradırlar. Amma hələ istintaq başlamayıb. Çölə çıxma qadağası olduğu vaxt Bayramın dəniz kənarına necə gedib çatdığı məlum deyil. Hadisə baş verən sahildə azı 100 polis olur. Necə oldu bir polis qadağa vaxtı küçəyə çıxdığı üçün saxlamadı Bayramı? Hadisənin 1 şahidi belə yoxdu hələlik. Nədi intihar məsələsini tirajlamaqda məqsəd? Dostlarla danışdım yəqin sabah detallı məlumat olacaq” – deyə, Əfqan Muxtarlı özünün feysbuk hesabında yazıb.

 

Allah rəhmət eləsin.