Selcan Yağmur: “Bizim quracağımız ölkədə, təcavüzçü ilə qurban evləndirilib, namus təmizlənməyəcək”
İctimai fəal Sənay Yağmur xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığı barədə bir il əvvəl rəsmi şikayət verib. O, bu barədə ötən gün facebook sosial şəbəkəsində post yazıb.
Bundan sonra Sənay Yağmurun anası – yazıçı Zümrüd Yağmur sosial şəbəkə hesabında faktla bağlı detalları açıqlayıb.
Zümrüd Yağmur cinayətkarın bugünədək cəzasız qalmasında prokurorluq orqanlarını günahlandırır.
Z.Yağmur qeyd edib ki, məsələ ilə bağlı CM-nin 149-cu maddəsi (anlaqsız vəziyyətdə cinsi təcavüzə məruz qalma) ilə cinayət işi açılıb. Ananın iddiasına görə təcavüzə uğradığı gecə Sənaya narkotik içirilib.
***
Sənay Yağmurun bacısı Selcan Yağmurun bu mövzuda yazdığı postu oxuculara təqdim edirik:
“Profilimi bağlamışdım, qayıdıram iki kəlmə deyib gedəcəm yenə.
Başıma od vurdu, Ağayevlərin nəslindən hansısa salfetka mənə cəsarət edib, yazıb ki, ailələr arasında məsələni həll edək. Bunu yazan mənə ona görə yazıb ki, elə bilir üzü yumşaq Yağmur mənəm.
İndi qulağınızı açın yaxşı qulaq asın. Bu Azərbaycan ki var, bizimdir. Mənimdir, Sənayındır. Bu Azərbaycan bizim dəyərlərimiz üstünə qurulacaq. Bizim dəyərlərimiz bütün təcavüzçü ailələrini Ağayev salfetkaları kimi yalvardacaq. Bizim quracağımız ölkədə, təcavüzçü ilə qurban evləndirilib, namus təmizlənməyəcək. Təcavüzə zarafat qoşan, məzə deyən, Sənayın başına gələnə sevinənlər, hamınız bu ölkənin tozunda itib batacaqsınız.
Bundan sonra qadınlar təcavüzə məruz qalıb susmayacaq. Təcavüzçülər Əsgər Ağayev kimi çöldə gəzməyəcək. Biz bu keysi uduzarıq bəlkə, çünkü Azərbaycan hökümətinin qanuni qurumlarına heç bir inamamız yoxdu. Amma elə Sənay, elə mən, təcavüzə məruz qalmış başqa qadınların arxasında dayanacağıq. Onlar bizi söysə də, biz onların arxasında olacağıq. Azərbaycanı Azərbaycanlılar üçün qurmayacağıq, Azərbaycanı Azərbaycanlılara RƏĞMƏN quracağıq. Milli taftalogiya ilə yox, insani dəyərlər üzərinə.
Sənayın nə əzab çəkdiyini ki, mən özüm görmüşəm, başqa qadınların bu əzabı çəkməməyi üçün əlimizdən gələni edəcəyik. Mən acizəm o an bacımın yaşadıqlarını danışmağa. Amma məndən sonraki qadınlar olmayacaq.
İndi kim tullanıb düşür düşsün ki, Yağmurlar publika üçün oynayırlar. Publikaya mı oynayırıq? Əcəb edirik. Bu publika elə bizim dəyərlərimizlə fırlanacaq, sizin məzardan iy verən dəyərlərinizlə yox.
Ola bilər mən pafosla yazmışam, züy tutan salfetka yığını bununla da məzələnsin. Heç umrumda deyil. Mən 2019-da bu ölkədə söyüləcəyimi söyülmüşəm. Yenə də öz inandığımın arxasında dayanmışam. Bax məni söymüş o qırx yaşlı yazıqların övladları bizim yolumuzu gedəcəklər, budur məsələ.
Susmayacağıq. Elə bizi söyənlərin qızlarına görə susmayacağıq. Özünüzü vurun dağıdın, bu ölkə bizimdir. Bu ölkədə ayağımız olmasa da, gələcəyi məhz biz quracağıq.
Qutardı getdi. Bitəcək cinayətkarların dövrü.
Yazım, heç kimə heç nəyi isbat etmək deyil. Bir də yadınıza salıram ki, bütün potensial təcavüzçülər, “adam kuzeninin yanında tək qalmaz, qız özü istəyib” deyən vəhşilər, bax siz də qorxun. Gələcəkdə nə işləyəcək yeriniz olacaq, nə sivil cəmiyyətdə yeriniz. Artıq yoxdur başı aşağı qurbanlar. “Qurban” da nisbi ifadədir. Bu ölkə elə olacaq o qurbanların imperiyası. Elə əzilmiş, azınlıq təbəqələr olacaq gələcək.
#ProkurorluğaArOlsun
#CinayətkarıCəzalandır”.