Polisə etiraz edən müsavatçıya 25 sutka həbs cəzası verildi – Yenilənib
Suraxanı Rayon Məhkəməsində qapalı keçirilən məhkəmədə Müsavat Partiyası Suraxanı rayon təşkilatının Şura üzvü Rövşən Hüseynova 25 sutka həbs cəzası verilib. Bu haqda “Basta”ya Müsavatın Suraxanı rayon təşkilatından məlumat verilib. Müsavat üzvləri və Rövşən Hüseynovun xanımının məhkəmədə iştirakına imkan verilməyib.
***
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev “Basta”nın sualına cavab olaraq bildirib ki, Rövşən Hüseynovun “polisə müqavimət göstərməsi” ilə əlaqədar araşdırma gedir.
Əldə etdiyimiz digər məlumata görə, Rövşən Hüseynov Suraxanı rayon məhkəməsinə aparılır.
Rövşən Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535 – ci maddəsi ilə ittiham olunur. Onun barəsində sutkalıq həbs qərarının çıxarılacağı gözlənilir.
***
Müsavat partiyası Suraxanı rayon təşkilatının Şura üzvü Rövşən Hüseynov saxlanılıb. Bu haqda Müsavatın Suraxanı rayon təşkilatının sədri Arzulla Bulud məlumat verib.
Məlumata görə, mülki geyimli şəxslər onu Hövsanda yerləşən 30-cu polis bölməsinə aparıblar. Sonradan polis əməkdaşları Rövşən Hüseynovun ailə üzvlərindən, onun mobil telefonunun bölməyə gətirilməsini istəyiblər.
Rövşən Hüseynov oktyabrın 11-də Müsavat Partiyasının Novxanıdakı tədbirində iştirak edib. O, polisin ziyarət tədbirinə qanunsuz müdaxiləsinə “10 nəfər toplaşan kimi qorxuya düşürsüz” deyərək etiraz edib. Həmin tədbirdə çəkilən video sosial şəbəkədə geniş yayılıb.
Müsavat Partiyasının mətbuat xidməti Rövşən Hüseynovun polisə aparılmasının qanunsuz olduğunu bildirib.
Suraxanı Polis İdarəsindən Rövşən Hüseynovun saxlanması ilə bağlı məlumat almaq mümkün olmayıb.
Qeyd edək ki, oktyabrın 11-də Müsavat Partiyasının yaradılmasının 110-cu ildönümü ilə əlaqədar Müsavatın rəhbərliyi və bir qrup üzvü Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı heykəlini ziyarət edib. Lakin polis həmin tədbirə müdaxilə edib.
Basta