Minskdə Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü keçirilib
Cümə axşamı günü Belarusun paytaxtı Minskdə Azərbaycan və Ermənistan XİN başçıları görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, görüş Rusiyanın təşəbbüsü ilə baş tutub.
Nazirliyin məlumatına görə, Ceyhun Bayramov görüşdə deyib ki, 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatların tam icra edilməsi vacibdir.
Məlumata görə, azərbaycanlı nazir dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında münasibətlərin normallaşmasına hazır olduğunu bildirib.
O, Ermənistan ilə sərhədlərinin delimitasiyası prosesi üzrə danışıqlara başlanılması və regionda bütün nəqliyyat kommunikasiyaların açılması üzrə razılaşmaların yerinə yetirilməsi kimi məsələlərdən də danışıb.
Nazir Ceyhun Bayramov görüşdə Ermənistan tərəfindən dəqiq mina xəritələrinin təqdim edilməsini istəyib.
Daha əvvəl nazirlərin görüşəcəyi ilə bağlı Rusiyanın TASS agentliyi məlumat yayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə erməni və azərbaycanlı həmkarları Ararat Mirzoyanla və Ceyhun Bayramovla ayrılıqda da görüşüb.
“Bu yaxınlarda sizinlə Moskvada ətraflı danışdıq, amma bu gün ikitərəfli xarakterli görüşdə əlbəttə ki, bölgənin bəzi əlavə məsələlərini nəzərdən keçirə bilərik. Qarabağ hər zaman diqqətimizdə olmalıdır”, – Sergey Lavrov ermənistanlı nazirlə görüşdə deyib.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, tərəflər 10 noyabr “üçtərəfli bəyanatın tam icrası və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar”.
Onların görüşü Minskdə MDB Xarici İşlər nazirləri Şurasının iclası çərçivəsində baş tutub.
BBC