Həbsxanada 13 gündür aclıq edən Saleh Rüstəmovun səhhətində problemlər yaranıb

Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmovun keçirdiyi aclıq aksiyası artıq orqanizmində fəsadlar yaradıb. Bu barədə Rüstməmovun ailə üzvləri məlumat veriblər.

 

Onların sözlərinə görə, artıq 13 gündür aclıq aksiyasını davam etdirən Saleh Rüstəmovun qan təzyiqi aşağı düşüb, bədənində ağrılar var: “O, artıq 15 kiloqram çəki itirib, nəbzi yüksək sürətlə vurur, ağzı yara içindədir. Dünən qardaşları ilə görüşüb, onlara artıq yanına gəlməmələrini tapşırıb”.

 

Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

 

* Saleh Rüstəmov 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Həmin il mayın 25-də Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) həbs olunub. Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.

 

AXCP ittihamı təkzib etmişdi.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüstəmov 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Rüstəmli və Nəsirova şərti cəza verilib. Onların hamısı məhkəmədə ittihamları rədd ediblər. Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.