Qarabağa görə həbs edilmiş ərdəbilli hüquqşünas 16 il həbs cəzasına məhkum edildi
Ərdəbil şəhərində yaşayan tanınmış hüquqşünas və milli-mədəni fəal Pərviz Siyabi Gürcani İnqilab Məhkəməsinin 1-ci bölməsi tərəfindən 16 il həbs cəzasına məhkum edilib.
Ərdəbil İnqilab Məhkəməsi hüquqşünasa qarşı bir neçə “ağır cinayətdə” təqsirli bilib.
O, “rejimə qarşı olan media ilə əlaqə saxlamaq və sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində sistemin bütünlüyünə və təməlinə qarşı çıxmaq məqsədilə müsahibələr vermək, həqiqətə uyğun olmayan məlumatlar dərc etməklə İran İslam Respublikasının müqəddəs sisteminə qarşı təbliğat fəaliyyəti aparmaq”da ittiham edilib.
Milli fəala qarşı həmçinin “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə real olmayan qrupları idarə etmək” və “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qruplara və dəstələrə üzv olmaq”da suçlandırılır.
İran təhlükəsizlik və kəşfiyyat idarəsinin Ərdəbil bölməsinin hesabatına istinadən verilən məhkəmə qərarında Pərviz Siyabinin kiberməkanda və teleqram qruplarında fəaliyyəti, audio fayllar yayması, 24 iyul tarixində Təbrizdə keçirilən etiraz aksiyalarına dəstək verməsini cinayət hesab olunub.
Qərarda o, Abbas Lisaninin başçılıq etdiyi qeyri-qanuni “Güney Azərbaycan” qrupunun üzvü olmaqda ittiham edilib.
“Təqsirləndirilən şəxs qeyri-qanuni “telegram” qruplarının digər üzvləri ilə də fəal əlaqədə olub.
Aydındır ki, müttəhim bu qrupların məqsədləri ilə tanış olub və kifayət qədər biliyə malik olub. Üçüncüsü, cinayətkar qrupun təhlükəsizlik əleyhinə cinayətləri əlaqələndirmək məqsədilə idarə olunması sübuta yetirilib.
Cənab Siyabinin bu qruplarda etdiyi hərəkətlər yalnız adi bir insanın hərəkətləri deyil, həm də idarəçi və təşkilatçılıqdan irəli gələn hərəkətlərdir”-deyə, qərarın başqa bir bölümündə qeyd olunub.
Məhkəmə qərarında ərdəbilli hüquqşünasın ittihamları izah edilərək onun barəsində çıxarılan cəza qərarları aşağıdakı kimi bildirilib:
“Cinayət məhkəməsi təqsirləndirilən şəxsə “müharibə dərəcəsinə qədər olmayan” və 2013-cü ildə təsdiq edilmiş İslami Cəza Məcəlləsinin “cəzalar və çəkindirici cəzalar” kitabının 498, 499 və 500-cü maddələrini və 134-cü maddənin A bəndini və 18-ci maddəsini və B bəndini əsas götürərək, təqsirləndirilən şəxsə hökm çıxarıb.
Törətdiyi cinayətlərin sayına, cinayət məqsədli hərəkətlərə rəhbərlik və onların irəli aparılmasındakı rolunun əhəmiyyətinə, bölgədə, xüsusən də azəridilli türklər yaşayan bölgələrdəki digər gəncləri cinayətə və separatizmə təhrik etdiyinə, özünə bağlı olan qrupların fikir qaynağı olduğuna görə, cinayətkar qrupa rəhbərlik etdiyinə görə 10 il, cinayətkar qrupa üzvlüyünə görə 5 il, rejim əleyhinə təbliğat fəaliyyətinə görə isə 1 il azadlıqdan məhrumetmə cəzası verilir”.
Pərviz Siyabi gürcüani barəsində çıxarılan qərarın son bölümündə ona aid olan və axtarış zamanl götürülən şəxsi əşyaları barədə belə yazılıb:
“Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülən texniki təchizat və ona aid olan başqa əşyalar, o cümlədən: noutbuk, mobil telefonlar, rəsmi və qanuni lisenziyaya malik “Keyhan” qəzetinin arxivi və s. 2013-cü ildə təsdiq edilmiş İslam Cəza Qanununun 215-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə qaytarılır.
Bununla yanaşı lisenziyası olmayan filmlər, kitablar və jurnallar da daxil olmaqla başqa materiallar, yuxarıdakı maddəyə uyğun olaraq Kəşfiyyat Təşkilatının nəzarəti altında hökumətin xeyrinə müsadirə edilir”.
Qeyd edək ki, Pərviz Siyabi gürcani 25 iyul tarixində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
O, 5 avqustda dindirilmə müddəti bitdikdən sonra təhlükəsizlik idarəsinin təcridxanasında Ərdəbil zindanına köçürülüb və 29 avqust tarixində 250 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
Gunaz TV