Azərbaycan noyabrın 16-da saxlanılan iki nəfəri Ermənistana təhvil verib
Azərbaycan noyabrın 26-da bir hərbçi və bir mülki şəxsi Ermənistana təhvil verib, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası açıqlayıb.
Məlumatda deyilir ki, həmin şəxslər 2021-ci il noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində baş vermiş döyüşlər zamanı yaralı vəziyyətdə saxlanılan 1993-cü il təvəllüdlü Aramyan Arin Jirayeviç və Ağdam rayonu istiqamətində Azərbaycan hərbi qulluqçularının xidmət etdiyi əraziyə daxil olarkən saxlanılan 2000-ci il təvəllüdlü Musaelyan Mihran Ernestdir.
Qurum bildirib ki, aparılmış ilkin araşdırmalar nəticəsində Mihran Musaelyanın mülki şəxs olduğu və yolu azaraq Azərbaycan hərbi qulluqçularının xidmət apardığı əraziyə daxil olduğu müəyyən edilib.
Ermənistan tərəfi məlumatı təsdiqləyib.
15 və 16 noyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində tərəflərin artilleriya və döyüş texnikası da istifadə etdiyi atışmalarda Ermənistan tərəfindən altı, Azərbaycan tərəfindən yeddi hərbçi həlak olub.
Azərbaycan 10, Ermənistan 4 döyüşçüsünün yaralandığını bildirib.
Ermənistan əvvəlki açıqlamasında bu döyüşlər nəticəsində 13 nəfərin əsir düşdüyünü, 24 hərbçi ilə əlaqəsinin kəsildiyini bildirmişdi. Ermənistan tərəfi “itkin” hərbçilər haqqında deyib ki, onların “taleyi məlum deyil, intensiv axtarış işləri aparılır”.
Daha sonra, noyabrın 24-də Ermənistanın Baş naziri Nikol Paşinyan verdiyi açıqlamada deyib ki, dəqiqləşdirilməmiş məlumatlara görə, əsir düşmüş hərbçilərin sayı 32-yə çatır.
BBC