MSDM döyüş meydanında qazanılan qələbənin diplomatik savaşda əldən veriləcəyindən narahatdır
Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) növbəti toplantısında 2-ci Qarabag müharibəsindən sonra ötən bir il ərzində yaranmış vəziyyət, problemlər və onların həlli yolları müzakirə edilib.
Qurumdan “Basta”ya verilən məlumata görə,
MSDM hesab edir ki, 44 gün davam edən Vətən müharibəsində ordumuzun işğal altında olan 7 rayonu, həmçinim Hadrutu, Şuşanı və bəzi digər məntəqələri azad etməsi tarixi uğurdur və Azərbaycan cəmiyyəti bu qələbəni yüksək qiymətləndirir. Eyni zamanda, cəmiyyətimizdə Rusiyalı hərbçilərin sülhməramlı adı altında Qarabağa yerləşdirilməsi faktına münasibət mənfidir.
Ermənistanla sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiya və demarkasiyası məsələlərində hələlik ciddi irəliləyiş yoxdur. İkinci Qarabag müharibəsindən sonra ölkə rəhbərliyi Qarabag məsələsinin artıq bitdiyini, ərazi suverenliyimizin bərpa olunduğunu dəfələrlə bəyan edib. Halbuki, hazırda 3150 kv. km ərazimiz Rusiya hərbçilərinin və erməni silahlı birləşmələrinin tam nəzarətindədir. Belə təəssürat yaranır ki, ölkə rəhbərliyi keçmiş DQMV-nin ərazisinin dörddə birinin işğaldan azad edilməsi faktı ilə kifayətlənmək niyyətindədir. İşğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsinə, infrastruktur və kommunikasiyaların bərpa və yenidən qurulmasına, Iranla və Ermənistanla sərhədlərin nəzarətə götürülməsinə, Zəngəzur Dəhlizinin gerçəkləşməsinə ciddi diqqət yetirən hakimiyyət Xankəndi və işğal altında qalan digər ərazilərlə bağlı mövzularda susqunluq nümayiş etdirir.
Yaxın günlərdə İlham Əliyevin Nikol Paşinyanla öncə Rusiyanın Soçi şəhərində V.Putinin iştirakı ilə 26 noyabr görüşü, daha sonra 15 dekabrda Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlıq sammitində görüşü planlaşdırılır.
Azərbaycandakı siyasi rejimin bir sıra obyektiv və subyektiv səbəblərdən beynəlxalq aləmdə qarşılaşdığı problemlər də nəzərə alınarsa, döyüş meydanında qazanılan qələbənin diplomatiya savaşında əldən verilməsi təhlükəsi cəmiyyətdə ciddi narahatçılıqla qarşılanır.
Müharibədəki acı məğlubiyyətdən sonra yaranmış siyasi böhranı qismən aradan qaldırmağa nail olmuş Paşinyan hökuməti iki iddiasına – a) konfliktin tam bitmədiyi və b)Yuxarı Qarabağda yaşayan ermənilərin statusu ilə əlaqədar – beynəlxalq aləmdən dəstək almaqdadır. Bundan ruhlanan Ermənistan rəsmiləri artıq müharibədən əvvəlki destruktiv siyasi ritorikaya üstünlük verməkdədirlər. Son vaxtlar Ermənistan tərəfindən sərhəddə və təmas xəttində təxribatların bir-birini əvəz edərək daha intensiv xarakter alması, noyabr hərbi toqquşmaları, xüsusən bir günlük müharibə adlandırılan 16 noyabr döyüşləri hər iki tərəfdən ciddi tələfatla nəticələndi.
Eyni zamanda, Ermənistanın baş naziri açıq şəkildə bəyan edir ki, Zəngəzur dəhlizi danışıqlar mövzusu deyil. Bu o deməkdir ki, Ermənistan vaxtılə BMT qətnamələrini yerinə yetirmədiyi kimi, indi də Rusiyanın vasitəçiliyi ilə bağlanan üçtərəfli bəyanatda qeyd olunan öhdəlikləri yerinə yetirməkdən açıq şəkildə imtina edir.
MSDM “Ermənistan Azərbaycan münaqişəsinin nizamlanma prinsiplərinə dair” 2 dekabr 2020-ci il tarixli Bəyannaməsində irəli sürdüyü təklifi xatırladaraq hesab edir ki, planlaşdırılan beynəlxalq görüşlərdə ölkə rəhbərliyi Ermənistan Respublikasından zorla çıxarılan azərbaycanlı əhalinin öz yurdlarına qayıtmaq hüququ, onların təhlükəsizliyinin təminatı və statusunun müəyyən edilməsi məsələsini siyasi gündəmə gətirməli və bu məsələlərin Yuxarı Qarabağda məskunlaşan ermənilərin hüquq və imtiyazları mövzusu ilə birlikdə, eyni vaxtda simmetrik qaydada həll oluna biləcəyini əsaslandırmalıdır.
Beynəlxaq aləmin nəzərinə çatdırılmalıdır ki, bu yanaşma insan hüquqlarına, haqq və ədalət prinsiplərinə uyğun olduğu kimi həm də sülh və əmin-amanlığa da əsas təminatlardan biri olacaq və davamlı sabitliyə xidmət edəcək.
Simmetriya prinsipi Laçın və Zəngəzur dəhlizlərinə də aid olunmalıdır.
Azərbaycan rəhbərliyi 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, özündə siyasi cəsarət tapıb Laçın dəhlizinin tam nəzarətə götürülməsi, ən azı həmin dəhlizdə sərhəd-keçid məntəqələrinin qurulması üçün qətiyyətli addımlar atmağa hazır olmalıdır. MSDM hesab edir ki, ölkə rəhbərliyi milli maraqlarımıza uyğun olan qətiyyətli addımlar atacağı təqdirdə, hətta bu addımların mümkün fəsadları ola biləcəyi halda belə, bütövlükdə cəmiyyətin, o cümlədən siyasi müxalifətin təmannasız dəstəyinə ümid edə bilər.
Basta