Tofiq Yaqublunu bu yolla siyasətdən uzaqlaşdırmaq cəhdi qeyri-insanlıqdır
Vətənimiz Azərbaycanın seçki tarixində özünəməxsus prosesləri ilə yaddan çıxmayan 2003-cü il ərəfəsi idi. Hakimiyyətə iddialı Müsavat Partiyasının Mərkəzi Qərargahına xəbər gəldi ki, piket polis tərəfindən dağıdılıb. Binəqədi rayon təşkilatının beş nəfər fəal üzvü həbs edilib. Onlardan biri də indi məlum vəziyyəti ilə gündəmdə olan – saf, səmimi, insanlara qarşı yanımlı xarakteri ilə çoxlarını arxada qoyan Tofiq Yaqublu idi. Ona və polisin həbs etdiyi digər həmkarlarına qarşı belə bir ittiham irəli sürülüdü ki, bunlar polisə məxsus 7 (yeddi) tonluq maşını yırğalayırdılar.
O vaxtdan bu vaxta qədər siyasətçidən tələb olunan soyuqqanlılıq nə olduğunu bilməyən Yaqublu, ailə üzvləri ilə, artıq böyük qızlar olan Nigar və mərhum Nərgizlə bərabər demokratik müxalifət meydanına daxil oldular. Ölkə ictimaiyyətinə də məlumdur ki, bu ailəni elə bil qarğış tutub. Qəfildən bəla bu ailədən əl çəkmir.
Yenə də əvvəlkilərə bənzər qəmləndirici bir hadisə. İcazəli-icazəsiz, axır ki, saxlanılan 40 nəfərin arasında ona qarşı edilən hərəkətin izahını vermək mümkün deyil.
Sözümü zarafatla davam etdirmək istəyirəm. Tofiqi tanıyandan bu vaxta qədər onun “ateist” baxışlarına görə həmişə məzəmmətə məruz qaldığının şahidiyəm. Hətta ailəsində dalbadal baş verən kədərli hadisələri də onun dini tənqid etməsinin nəticələri kimi izah edənlər də oldu. Əlbəttə, bu səmimi bir zarafatdır.
Ciddiliyə qalanda, insanı bu minvalla siyasətdən uzaqlaşdırmaq cəhdi ən azı qeyri-insanilik sayılır. Hakimiyyətdə olana istinad, dayanıqlıq, yoluna işıq verən belə davakar müxalifdir. Tofiqi bu vəziyyətə gətirən xalqına sonsuz istəyidir.
Nəzakət Muradova