Pandemiya miqrasiyanı necə dəyişdi: BMT-nin hesabatı

Korona pandemiyası  bütün dünyada hərəkətliliyi məhdudlaşdırdı. Bu böhran miqrant və qaçqınları həddindən artıq təsirlərə məruz qoyub –  BMT-nin hesabatında göstərilir.

 

Pandemiya dövründə dünya üzrə miqrantların sayı artmağa davam etdi. Bununla belə, əhəmiyyətli dərəcədə fərqli marşrutlarla – və gözləniləndən daha yavaş.  Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) yeni illik hesabatını bu nəticəyə gəlib. BMT təşkilatı məlumat verir ki, mobillik bütün dünyada “köklü şəkildə dəyişib”.

 

2020-ci il üçün hazırlanan hesabatda dünya üzrə təxminən 281 milyon miqrant var ki, bu da pandemiyadan əvvəl gözləniləndən iki milyon azdır. 2019-cu ildə 272 milyon insan miqrasiya edirdisə, bu rəqəm 1970-ci ildə cəmi 84 milyon nəfər idi.

 

BMT təşkilatı aydın regional fərqlər görür. Xüsusilə Asiya və Avropada miqrantların sayı son bir neçə onillikdə orta səviyyədən yuxarı qalxmışdır. Dünyadakı miqrantların demək olar ki, 20 faizi yalnız altı Asiya ölkəsindən gəlir: Hindistan, Çin və Banqladeşdən başqa, bura Pakistan, Filippin və Əfqanıstan da daxildir.

 

BMqT həm də miqrasiyanın çox fərqli formalarına istinad edir. Hesabatda müharibə və zorakılıqdan qaçmaqla yanaşı, əmək miqrasiyasının inkişafı da araşdırılır. 60 faizlə bu, dünya üzrə miqrasiya hərəkətlərinin ən böyük hissəsini təşkil edir.

 

BMT-nin hesabatında, məsələn, Çin, Banqladeş, Haiti və ABŞ kimi ölkələrdə iqlimlə bağlı miqrasiya getdikcə daha vacib bir problem kimi qeyd olunur.

 

Pandemiya hər şeyi dəyişir

 

Mövcud korona pandemiyası indi tarixən görünməmiş bir vəziyyətə gətirib çıxardı. BMqT-nin baş direktoru Antonio Vitorino deyib: “Biz bəşər tarixində heç vaxt olmamış paradoksal  vəziyyətin şahidi oluruq. “Milyardlarla insanın hərəkət azadlığı Covid-19 tərəfindən məhdudlaşdırıldığı halda, on milyonlarla insan öz ölkələrində didərgin düşüb.”Hesabatda bunun ən çox rast gəlinən səbəbləri sırasında hərbi və siyasi qarşıdurmalarla yanaşı, həm də pandemiyanın nəticələrindən qaçmaq göstərilir.

 

BMqT korona pandemiyasının təsirlərinə misal olaraq bir neçə ölkədəki vəziyyəti araşdırıb. Məsələn, Ficidə səyahət məhdudiyyətləri ölkənin keçmişdə ümumi daxili məhsulunun 40 faizini istehsal etdiyi turizm sənayesini “məhv etdi”.

 

Banqladeşdə hərəkət azadlığının məhdudlaşdırılması və işsizliyin artması yenidən “gözlənilməz” vəziyyətə gətirib çıxardı. Bir vaxtlar ölkənin ikinci ən böyük gəlir mənbəyi olan miqrant işçilərdən evə pul köçürmələri pandemiyanın başlanğıcından bəri xeyli çətin olub.

 

Hesabatda deyilir ki, miqrant işçilər ailələrinə 2019-cu ildə 719 milyard dollar köçürdüyü halda, keçən il bu rəqəm 702 milyarda düşüb. Zərərçəkənlərin çoxu mövcud vəziyyətə görə öz ölkələrinə qayıdıb. Bəzi yerlərdə bu köç yeni problemlərə səbəb olub. Geri qayıdanlar virusu yaymışdılar və bundan sonra sərhədlər bundan qorxaraq yenidən bağlandı. Nümunə olaraq Hindistanla sərhədində müvəqqəti olaraq ilişib qalan on minlərlə nepallının taleyi göstərilir.

 

Almaniya da bunun nəticələrini hiss edir

 

Hesabat açıq şəkildə Almaniyanı pandemiyanın təsirləri üçün qərb nümunəsi kimi adlandırır. IOM xatırladır ki, məhdudiyyətlər burada da işçi çatışmazlığına səbəb olub. Xüsusən də kənd təsərrüfatında on minlərlə məhsul yığımı işçisi keçən illə müqayisədə az idi. Nəhayət, Şərqi Avropadan miqrantların ölkəyə girişi xüsusi qaydalar vasitəsilə mümkün olub.

 

Hesabat həm də qlobal miqyasda səyahət imkanlarının nə qədər müxtəlif olduğunu xatırladır. “Çox yüksək inkişaf səviyyəsi” olan ölkələrdən olan insanlar bütün ölkələrin təxminən 85 faizinə vizasız daxil ola bilsələr də, az inkişaf etmiş ölkələrdən olan çoxlu sayda insan üçün bu, mümkün olmayıb. Beynəlxalq Miqrasiya Təşkilatına görə, qeyri-qanuni miqrasiya bu insanlar üçün ən real seçimdir.

 

Heybət Əmrah

Basta