Rusiya, Ermənistan, Belarus və Tacikistan Qazaxstana qoşun yeridib
6 yanvar
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qazaxıstana qoşun yeridib, təşkilatdan rəsmi olaraq “İnterfaks”a bildirilib. Hərbi kontingentə Rusiya, Belarus, Ermənistan və Tacikistan silahlı qüvvələrinin bölmələri daxildir. Bəzi məlumatlara görə Qırğızıstan əməliyyatda iştirakdan imtina edib.
KTMT-yə sədrlik edən Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, sülhməramlıların göndərilməsi barədə qərar “Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, digər amillərlə yanaşı, kənar müdaxilənin səbəb olduğu təhdid”ə görə qəbul edilib.
Qazaxıstanda onlarla etirazçı öldürülüb
Сümə axşamı günü səhər saatlarında Almatı şəhərində atışmalar davam edib. Almatı polis idarəsinin sözçüsü Saltanat Azirbek cümə axşamı bildirib ki, şəhərdəki iğtişaşların onlarla iştirakçısı “məhv edilib”, hazırda onların şəxsiyyəti müəyyənləşdirilir, İnterfaks agentliyi yazır.
Bu, mülki əhali arasında itkilər barədə ilk rəsmi açıqlamadır. Daha əvvəl 8 polis və hərbçinin öldürülməsi barədə məlumat verilmişdi.
Saltanat Azirbek hazırda antiterror əməliyyatının davam etdiyini bildirib.
O, qonaqları və şəhər sakinlərini evlərini tərk etməməyə çağırıb.
Reuters agentliyi şahidlərə istinadən yazır ki, Almatı şəhərinin əsas meydanına bir neçə zirehli texnika və onlarla hərbçi daxil olub, daha sonra atışma başlayıb.
Almatı meriya binasının qarşısında da atışmaların olduğu bildirilir.
TASS agentliyinin yaydığı videoda Almatı şəhərində onlarla hərbçi və hərbi maşınların olduğu görünür. Görüntülərdə hərbçilərin atəş açdığı əks olunub.
6 yanvar
Qazaxıstanda yeni ilin ilk günündən maye qaz qiymətlərinin ikiqat bahalaşması ölkədə kütləvi etirazlarla qarşılanıb. Qazaxıstanda fövqəladə vəziyyət tətbiq olunub, hökumət istefa verib.
Almatıda “antiterror əməliyyatı” keçirilir
Qazaxıstan hakimiyyəti Almatıda antiterror əməliyyatı keçirir, şəhər komendaturası bildirib.
Komendatura sakinləri “sakitlik və əmin-amanlığı qorumağa və hüquq-mühafizə orqanlarına kömək etməyə”çağırıb.
Rəsmilər Almatı aeroportunun azad olunduğunu bildirir.
Daha əvvəl aeroportun etirazçılar tərəfindən tutulduğu xəbəri yayılmışdı. Rəsmilərə görə, Almatı hava limanı xüsusi əməliyyat nəticəsində azad olunub və normal iş qaydasına qayıdır.
Daha əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hava limanında xarici təyyarələr də daxil, beş təyyarənin tutulduğunu bildirmişdi.
Tokayev KTMT ölkələrindən kömək istəyib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “terror təhlükəsi” səbəbindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərə yardım üçün müraciət edib. O, ölkədə baş verənləri xarici “təcavüz aktı” adlandırıb.
“Bu terror qruplarının əslində xaricdə ciddi hazırlıq keçmiş beynəlxalq qruplar olduğunu nəzərə alaraq, Qazaxıstana qarşı onların hücumu təcavüz aktı sayıla bilər və sayılmalıdır”, – Qazaxıstan mediası Tokayevi iqtibas edir.
Tokayev “bu terror təhlükəsinin aradan qaldırılmasında Qazaxıstana kömək göstərilməsi üçün KTMT dövlət başçılarına” müraciət etdiyini bildirib.
Paşinyan: KTMT Qazaxıstana Kollektiv sülhməramlı qüvvələri göndərəcək
KTMT Qazaxıstanda vəziyyəti sabitləşdirmək məqsədilə bu ölkəyə Kollektiv sülhməramlı qüvvələri göndərəcək. Bunu Ermənistanın Baş naziri və hazırda KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edən Nikol Paşinyan özünün Facebook səhifəsində yazıb, Ermənistan mediası bildirib.
“Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Kollektiv təhlükəsizlik müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq, KTMT-nin Kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasında vəziyyəti sabitləşdirmək və normallaşdırmaq məqsədilə məhdud müddətə bu ölkəyə göndərilməsi barədə qərar qəbul edib”, – Nikol Paşinyanın bəyanatında bildirilib.
Daha əvvəl Nikol Paşinyan KTMT ölkələri rəhbərləri ilə Qazaxıstanda vəziyyətlə bağlı təcili məsləhətləşmələrin başlandığını bildirib.
KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
5 yanvar
16:45
Etirazçılar xüsusi texnika ələ keçiriblər. Onlar meriya binasına, bəzi mənbələrə görə isə həm də keçmiş prezident administrasiyasının binasına nəzarət edirlər.
***
13:45
Etirazçılar inzibati binalara hücum edir
Qazaxstanda qazın bahalaşmasından sonra başlayan etirazlar polislə vətəndaşlar arasında toqquşmalara və kütləvi iğtişalara gətirib çıxarıb. AzadlıqRadiosunun yerli redaksiyasının məlumatına görə, saat 13 radələrində Almatıda etirazçılar meriyanın binasına hücum edib.
Sosial şəbəkələrdə meriyanın və prokurorluğun binasında baş verən yanğınların foto-video görüntüləri yayılıb.
Polis rezin güllələrdən və səs bombalarından istifadə edir
12:00
Kazaxıstanın bir neçə şəhərində etirazlar yanvarın 5-də səhər saatlarında da davam edib. Almatıda polis etirazçılara rezin güllələrlə atəş açıb. Həmçinin səs qumbaralarından istifadə olunub.
Orda.kz agentliyinin məlumatına görə, etirazçılar əllərini yuxarı qaldıraraq onlara atəş açmamağı xahiş ediblər, bundan sonra onlara tərəf qumbara atılıb. Orda.kz-nin jurnalisti Bek Baytaş da xəsarət alıb. Bundan əvvəl Orda.kz-nin əməkdaşı Leonid Rasskazov kürəyindən rezin güllə ilə yaralanmışdı.
***
Orda.kz portalının məlumatına görə, Janaozen şəhərində Janaozendə ağsaqqallar Qurultayı yaradılıb. Saat 12:00-da meydanda 12 minə yaxın insan var. Etirazçılar hakimiyyətə 5 bənddən ibarət tələbnəmə təqdim edib:
1. Rejimin dəyişdirilməsi;
2. Hər bir rayon və şəhərdə ümumxalq səsverməsinin keçirilməsi;
3. 1993-cü il Konstitusiyasının qaytarılması;
4. Vətəndaş fəalları təqib edilməməlidir;
5. Sistemdən kənar, inqilabçı kimi tanınan şəxsin hakimiyyətə gəlməsi;
***
Qazaxstanda hökumət istefaya göndərilib. Prezident Qasım-jomart Tokayev baş nazirin səlahiyyətlərini Alixan Smailova həvalə edib.
***
Polislə etirazçılar arasında toqquşmalar
4 yanvar
Qazaxıstanda qazın bahalaşmasına görə etirazlar artıq 3 gündür davam edir. Ötən gecə polisin dinc aksiyalara müdaxilə etməsi toqquşmalara səbəb olub. Toqquşmalar Almatı, Taraz, Aktau və digər şəhərlərdə qeydə alınıb. Atırauda etirazçılar onların yanına çıxan qubernator Maxambet Dosmukhambetovu mühasirəyə alıb və onun hadisə yerindən getməsinə imkan verməyiblər.
Ölkənin paytaxtı Nur-Sultanda bir neçə yüz nəfər, o cümlədən “Azadlıq” radiosunun qazax studiyasının jurnalisti Darxan Umirbekov saxlanılıb.
Almatıda minlərlə etirazçı küçələrə çıxıb, orada da saxlanılanlar var. Onlardan biri də qeydiyyatdan keçməyən Qazaxıstan Demokratik Partiyasının rəhbəri Janbolat Mamaydır.
Hakimiyyət etirazları səngitmək üçün yanacağın qiymətinin yenidən ucuzlaşdığını, sosial tələblərə baxılacağını elan edib. Lakin buna baxmayaraq etirazlar səngimir. Etirazçılar Nursultan Nazarbayevin siyas ətdən getməsini və prezident Qasım-Jomart Tokayevin istefasını tələb edir. Meydanlarda barrikadalar və çadırlar qurulur.
Basta