“Hakimiyyətin bu davranışları xalqda Rəsulzadə sevgisini azaltmayacaq, əksinə, daha da artıracaq” – Müsavat
Yanvarın 31-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə Müsavat Məclisin sədri Nüşabə Sadıxlı başqan Arif Hacılının 60 illik yubileyi ilə bağlı partiyanın rəsmi təbrikini ona təqdim edib.
İclasda görülən işlər və qərarların icrası ilə bağlı məlumat dinlənilib.
Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138-ci ildönümü ilə bağlı Müsavat Partiyası rəhbərliyinin və fəallarının Novxanıda keçirdiyi ziyarət tədbiri yüksək qiymətləndirilib. Polisin qanunsuz olaraq bu tədbirə müdaxiləsi pislənilib.
Divanın toplantısında M.Ə.Rəsulzadə haqqında hazırlanan verlişdə səslənən “M.Ə.Rəsulzadə Azərbaycan xalqının ən səmimi sevgisidir. Sovetlər birliyinin və daha nələrin qadağalarına baxmayaraq, bu sevgi azalmayıb” cümləsinə görə, həmin verlişin proqramdan çıxarılması və Azərbaycan Dövlət Televiziyasının efirinə verilməməsi pislənilib. Qeyd edilib ki, hakimiyyətin bu davranışları xalqda Rəsulzadə sevgisini nəinki azaltmayacaq, əksinə, daha da artıracaq.
İclasda həmçinin ölkədə və dünyada gedən siyasi proseslər, o cümlədən Ukrayna ətrafında cərəyan edən hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.
Basta