Müsavatçılar Rəsulzadənin heykəlini ziyarət etdi – polis yenə əngəl yaratdı

Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı bu gün, yanvarın 31-i, saat 12 radələrində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından Məhəmməd Əmin Rəsulzadənin 138-cı doğum günü ilə bağlı onun Novxanı kəndindəki abidəsini ziyarət ediblər. Amma bu zaman polislə onların arasında mübahisə yaranıb.

 

 

AzadlıqRadiosunun məlumatına görə.ş polis koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən karantini səbəb göstərərək ziyarətin  yalnız 10 nəfərlik qruplar şəklində mümkün olacağını açıqlayıb.

 

 

Müsavat başqanı Arif Hacılı isə deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah hətta qapalı məkanlarda 150 nəfərlik toy şənliklərinə ötən ildən razılıq verib.

 

 

O, polis zabitindən açıq havada 10 nəfərdən çox ziyarətçinin bir yerdə hərəkət etməsinə məhdudlaşdıran hər hansı bir qanun varsa, onun təqdim olunmasını tələb edib.  Polis “göstəriş var” deyə cavab verib. Müsavat başqanı deyib ki yaradılan bu əngəllər hakimiyyətin M.Ə.Rəsulzadəyə və müxalifət qüvvələrinə, o cümlədən Müsavat Partiyasına münasibətinin göstəricisidir. A.Hacılı əlavə edib ki, əslində onlar pandemiyanı nəzərə alaraq ziyarətə az bir tərəfdarla – 50 nəfərlik bir heyətlə gəliblər.

 

Polisin müdaxiləsinə etiraz olaraq, müsavatçılar “Rəsulzadə!” və “Azərbaycan” şüarları səsləndiriblər.

 

Mübahisəyə baxmayaraq, müsavatçıların abidəni birgə ziyarətr etməsinə imkan verilməyib. Müsavatçılar abidənin önündə M.Ə.Rəsulzadənin həyat və fəaliyyəti ilə bağlı çıxışlar da ediblər.

 

 

Müsavatçılar daha sonra Novxanı qəbirstanlığında Rəsulzadənin doğmalarının qəbirlərini ziyarət ediblər. Bu zaman polis 50-60 nəfərin bir yerdə olmasına müdaxilə etməyib.

 

Bu gün bir qrup müsavatçı Zaqatala şəhərində də M.Ə.Rəsulzadənin abidəsini ziyarət ediblər.

 

 

Basta