İlham Əlievlə Ramiz Mehdiyev nəyi bölə bilmir?

Ramiz Mehdiyev 2019-cu ildə  Prezident Administrasiyasının rəhbəri vəzifəsindən çıxarılaraq,  AMEA prezidenti vəzifəsinə göndərilərkən belə bir rəy formalaşmışdı ki, İlham Əliyev Kremlin razılığı ilə “boz kardinal”ın məsələsini həll edə bilib və onların arasında hər hansı bir konflikt olmayacaq.

 

Amma hadisələrin sonrakı inkişafı, o cümlədən pandemiya məhdudiyyətləri dövründə Ramiz Mehdiyevin kürəkəninin  həbs edilməsi, Ata Abdullayevlə əl əsdirən “müsahibə”, xüsusən də son həftələr ərzində hakimiyyət mediasında onun AMEA sədri vəzifəsindən istefası tələbilə edilən çıxışlar, iqtidarın onunla çox ciddi bir münaqişədə olduğundan xəbər verir. Ya ortada bizim bilmədiyimiz bir münaqişə mənbəyi var – məsələn əmlak, ya da Ramiz Mehdiyevin AMEA prezidenti olaraq indiki statusu da, iqtidar üçün qəbuledilməzdir.

 

Dünən Ramiz Mehdiyev, ona  qarşı hücumlara sərt  cavab verib. AMEA mətbuat xidməinin məlumatında qeyd edilir ki, bu hücumlar “açıq-aşkar SİFARİŞ mahiyyəti daşıyır” və “diqqəti son vaxtlar ölkə gündəmini məşğul edən taleyüklü PROBLEMLƏRDƏN yayındırmağa hesablanıb”. Başqa sözlə, Ramiz Mehdiyev bir tərəfdən təkcə ona hücum edənlərə yox, sifarişçiyə də barmaq silkələyib, digər tərəfdən isə ölkənin taleyüklü problemlərindən söz açıb.

 

Düzdür, məlumatda “cənab prezident İlham Əliyevin” adı pozitiv notda çəkilir. Amma “AMEA-nın məlumatında yazıldığı kimi, əgər Ramiz Mehdiyevə qarşı yazılan sifarişli tamaşanın aktyorları arasında həm “avtobus”, yaxud “cib müxalifəti”, həm Milli Məclisin trol və saxta deputatları, həm də akademiyanın üzvləri varsa, belə bir tamaşanın sifarişini kim verə  bilərdi? Əlbəttə İlham Əliyev.  Yazıda ad çəkilməsə də, Tural Abbaslının Ramiz Mehdiyevə qarşı ittihamlarına cavab verilib. “Efirlərdə ağzı köpüklənərək rus bölməsində təhsil alan azərbaycanlılara hücum edən psevdomüxalifətçilər”dən söz açılıb, bu kontekstdə “Millətçilik yaramazların sonuncu sığınacağıdır” aforizmi xatırladılıb.  Həmçinin Fəzail Ağamalı,  Etibar Əliyev, Musa Qasımlı, Misir Mərdanov və AMEA-nın bir neçə üzvünə qarşı sərt, hətta təhqiramiz  fikirlər irəli sürülüb.

 

Hər şeydən gürünür ki, Ramiz Mehdiyev ona qarşı kampaniyanın arxasında kimin durmasından asılı olmayaraq, təslim olmaq fikrində deyil. Əksinə, o, sifarişçinin planlarının məhv olacağını düşünür.  AMEA-nın mətbuat xidməti adından yazılan cavabın ən sərt abzası zənnimizcə budur: “Dünən Ramiz Mehdiyevin kitablarının təqdimatında danışmaq üçün sıraya düzülən, məclislərdə, qəzet səhifələrində ona mədhiyyələr oxuyan insanların bu gün hücum çəkməsi bu kampaniyanı təşkil edənlərin səriştəsizliyindən xəbər verir. Öz məqsədləri üçün sözügedən şəxslərə ümid bəsləyən dairələr bununla da bəri başdan hazırladıqları planlarını məhvə məhkum ediblər”.

 

Söhbət məhvə məhkum etməkdən gedir və hər iki tərəf qərarlı görünürlər. İstənilən halda bu, hakimiyyətdaxili məsələdir, Rusiyanın Azərbaycanda ən çox etibar etdiyi şəxslər, klanlar arasındakı “razborka”dır  və gerçək müxalifət, vətəndaş cəmiyyəti bu işə tərəf tutaraq qarışmamalıdır.

 

Mustafa Hacıbəyli

 

Basta