Zelenski: “Heç kimdən qorxmuruq”

Ukrayna prezidenti Vladimir Zelenski fevralın 22-nə keçən gecə Rusiya prezidenti Vladimir Putinin qondarma “DXR” və “LXR”in müstəqilliyini tanımasından və hərbçiləri ora rəsmən göndərməsindən sonra xalqa müraciət edib.

 

O, bəyan edib ki, Rusiya Federasiyasının hərəkətlərinə və bəyanatlarına baxmayaraq, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişməz qalacaq.

 

“Biz sakit və inamlıyıq. Biz hər şeyə hazırıq. Lakin Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş rayonlarının müstəqilliyinin tanınması Rusiyanın Minsk razılaşmalarından birtərəfli qaydada çıxması deməkdir. Bu, sülh səylərinə və danışıqlar formatına xələl gətirir. Rusiya əslində 2014-cü ildən Donbasda olan qoşunlarını leqallaşdıracaq. Səkkiz ildir müharibəni dəstəkləyən ölkə, iddia etdiyi kimi sülhü qoruya bilməz”, – deyə Zelenski bildirib.

Zelenski ATƏT çərçivəsində xüsusi iclas çağırılacağını, Normandiya dördlüyünün fövqəladə sammiti olacağını elan edib.

 

“Biz diplomatik həll siyasətini davam etdiririk və heç bir təxribata getmirik. Sərhədlərimiz etibarlı şəkildə qorunur, tərəfdaşlarımız bizi dəstəkləyir. Ukraynanın öz sərhədlərini qorumaq hüququ var. Biz təxribatlarla düşmən qoşunlarının hücumu arasında fərqi anlayırıq.  Həqiqət bizim tərəfimizdədir. Biz sülh və diplomatik yola sadiqik. Biz öz torpağımızdayıq. Biz heç kimdən və heç nədən qorxmuruq”, – Ukrayna prezidenti bildirib.

 

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da bildirib ki, Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edib.

 

Ukraynanın baş prokuroru Rusiya prezidenti Vladimir Putinin “DXR” və “LXR” adlanan qurumların müstəqilliyinin tanınması ilə bağlı bəyanatından sonra cinayət işi açıb. Bu barədə fevralın 21-də öz Facebook səhifəsində baş prokuror İrina Venediktova məlumat verib.

 

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksiy Danilov bir müddət əvvəl operativ qərargahın işinin 24/7 rejiminə keçdiyini bildirib. O, deyib ki, Ukrayna ilhaq edilmiş Krımın ərazilərindən və Donbasın separatçıların nəzarəti altında olan hissələrindən imtina etməyəcək.

 

Rusiya prezidenti Vladimir Putin fevralın 21-i axşam saatlarında Rusiya xalqına müraciəti zamanı qondarma “DXR” və “LXR”-in müstəqilliyinin tanındığını bəyan edib. Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimov bildirib ki, Rusiya hazırda separatçıların nəzarətində olan ərazilər daxilində onların müstəqilliyini tanıyır. Putin bəyanatı zamanı Ukraynanın tarixinə baxışından danışıb, NATO-nu razılaşmalara və təhlükəsizlik zəmanətlərinə əməl etməməkdə ittiham edib.

 

Qondarma “DXR” və “LXR” müvafiq olaraq Ukraynanın Donetsk və Luqansk vilayətlərinin ərazisinin təxminən üçdə birini tutur.

 

Analitiklər Rusiyanın Donetsk və Luqansk vilayətlərinə, yəni Kiyevin nəzarətində olan və Donbassda təmas xəttindən kənarda yerləşən ərazilərə də iddia edə biləcəyindən ehtiyat edirdilər.

 

Basta