BMT Baş Assambleyasında 141 ölkə Ukraynanı dəstəklədi – rəsmi Bakı Türkiyədən fəqrqli mövqe tutdu
BMT Baş Assambleyası Rusiyadan Ukraynada güc tətbiqini dayandırmağı və qoşunlarını geri çəkməyi tələb edən qətnamə qəbul edib.
Qərar görünməmiş sayda səslə qəbul edilib: 141 ölkə qətnamənin lehinə, 5 ölkə əleyhinə səs verib – Rusiyanı yalnız Belarus, Şimali Koreya, Eritreya və Suriya dəstəkləyib. 35 ölkə bitərəf qalıb (Çin, Hindistan, Cənubi Afrika Respublikası, Qazaxıstan, Pakistan, İran, İraq, Kuba, Mərkəzi Afrika Respublikası və s.).
Azərbaycan səsvermədə iştirak etməyib. Rəsmi Bakıdan fəqrli olaraq Türkiyə Ukraynanı dəstəkləyib. Ermənistan bitərəf qalıb. Gürcüstan Ukraynanı dəstəkləyib.
BMT Baş Assambleyası Rusiya Federasiyasının 24 fevral 2022-ci il tarixli Ukraynada “xüsusi hərbi əməliyyat” haqqında qərarını pisləyir, yaşayış məntəqələri, məktəblər və xəstəxanalar kimi mülki obyektlərə hücumlar, habelə mülki əhali arasında itkilər barədə məlumatlardan ciddi narahatlığını ifadə edir.
Qətnamədə deyilir: “Rusiya Federasiyasının Ukraynanın suveren ərazisindəki hərbi əməliyyatları beynəlxalq ictimaiyyətin Avropada onilliklər ərzində görmədiyi miqyasdadır” və “bu nəsli müharibədən xilas etmək üçün təcili tədbirlər görülməlidir”.
Qətnamə Rusiya Federasiyasından Ukraynaya qarşı güc tətbiqini dərhal dayandırmağı və hər hansı üzv dövlətə qarşı növbəti qanunsuz hədə və ya güc tətbiqindən çəkinməyi tələb edir. BMT həmçinin Rusiya Federasiyasından beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukrayna ərazisindən bütün hərbi qüvvələrini dərhal, tamamilə və qeyd-şərtsiz çıxarmağı, Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarının statusu ilə bağlı qərarı dərhal və qeyd-şərtsiz ləğv etməyi tələb edir.
Baş Assambleya dinc əhalinin müdafiəsi üçün Ukraynada ehtiyacı olanlara humanitar yardıma sürətli, təhlükəsiz və maneəsiz çıxışın asanlaşdırılmasını tələb edir.
Prezident Vladimir Zelenski Rusiya ordusunun Ukrayna ərazisindən çıxarılması ilə bağlı qətnaməyə səs verən ölkələrə təşəkkür edib. Bu barədə o, Twitter-də məlumat verib.
Basta