Arif Hacılı: “Putin rejiminin çökməsi azadlıqlar uğrunda mübarizə aparan xalqlar üçün böyük stimul olacaq”
Putin rejiminin çökməsi azadlıqlar uğrunda mübarizə aparan xalqlar üçün böyük stimul olacaq.
Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə açıqlamasında deyib. Müsavat başqanı qeyd edib ki, Putinin davranışları bütün dünyanın Rusiyaya qarşı birləşməsinə səbəb olub.
“Aydın məsələdir ki, bu müharibə Rusiyanın iqtisadi baxımdan çökməsi, dövlət kimi zəyifləməsi ilə nəticələnəcək. Rusiya rejimi sarsılacaq. Bu hal Rusiyanın dəstəyi ilə mövcud olan avtoritar rejimləri vahiməyə salır. ABŞ-ın və Avropa İttifaqının müharibə ilə bağlı vahid mövqe nümayiş etdirməsi çox əhəmiyyətlidir.”
Arif Hacılının fikrincə, aparıcı dünya dövlətlərinin Rusiyaya qarşı bir araya gəlməsində ABŞ prezidentinin mühüm rolu olub.
“Dünyanın əsas güc mərkəzi olan dövlətin başçısının diktatura rejimləri barədə açıq və birmənalı mövqeyi həm Rusiya, həm də bütün dünyayada mövcud olan belə rejimlərə xəbərdarlıqdır. Putin rejiminin çökməsi bütün dünyada demokratiya və azadlıqlar uğrunda mübarizə aparan xalqlar üçün böyük stimul olacaq,” o qeyd edib.