Ukrayna rəsmisi Qarabağda baş verənlərdən danışdı
Danilov: “Əgər Moldova və Gürcüstan da indi öz ərazilərinin qaytarılması ilə məşğul olsaydılar, bu, Ukraynaya çox kömək edərdi”
Digər dövlətlərin ərazilərində Rusiya Federasiyasının maraqları sferasında əlavə cəbhələrin açılması Ukraynaya Rusiyanın hücumuna qarşı mübarizədə böyük köməklik göstərərdi.
Bu fikri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
“Bu gün Qarabaĝda müəyyən hadisələr baş verir. Bayraktarlar bizim ərazimizdəki orkları ütüləməklə kifayətlənməyib, Dağlıq Qarabağda işləyiblər. Ermənistan isə orada Rusiya Federasiyasına üz tutur, kömək istəyir. Amma onlar keçən həftə oradan qoşunları çıxarıb ölkəmizə göndərdilər. Biz həmin qoşunların hərəkətini izləmişik. Düşürük ki, Rusiya Federasiyasının Dağlıq Qarabağa və Ermənistana vəd etdiyi hərbi yardımın, ora göndərilməsi ehtimalı azdır”, – deyə Danilov qeyd edib.
Bundan əlavə, o, Yaponiyanın Kuril silsiləsindəki dörd adanın birbaşa Yaponiyaya aid olması barədə bəyanatından sonra Rusiya Federasiyasının təlimlərə başladığına diqqət çəkib. “Rusiya Federasiyasının müdafiə sektorunda olan hərbi qulluqçuların sayı bu gün çox azdır, çünki onların hamısını bura göndəriblər”, – Ukrayna rəsmisi deyib.
“Bu vəziyyətin necə bitəcəyi hələ məlum deyil. Lakin Rusiya Federasiyasının əvvəlki dönəmdə özünün süni şəkildə yaratdığı münaqişə ocaqlarında ikinci cəbhələr açılsa, bizə çox yaxşı kömək edəcəklər”, – Danilov vurğulayıb.
Danilov onu da qeyd edib ki, “Gürcüstan yumşaq desək, özünü düzgün aparmır”.
“Amma əgər həm Moldova, həm Gürcüstan öz ərazilərinin qaytarılması ilə məşğul olsaydı, bu, bizə kömək edərdi, çünki onların görəcəkləri iş olardı, şəhərlərimizi və kəndlərimizi dağıtmaqdan, uşaqlarımızı və qadınlarımızı öldürməkdən başqa da bir iş görməyə məcbur olardılar” – deyə Ukrayna yetkilisi əlavə edib.
Qeyd edək ki, martın 24-də Azərbaycan ordusu heç bir atəş açmadan Ağdam yaxınlığında Fərrux dağını və iki yaşayış məntəqəsini azad edib.
Martın 22-də isə Yaponiya hakimiyyəti Rusiyanın sülh müqaviləsi üzrə danışıqlardan çıxmasına və mübahisəli Kuril adaları ilə bağlı birgə iqtisadi layihələrin dondurulmasına kəskin reaksiya verib. Yaponiyanın baş naziri Fumio Kişida Rusiyanın qərarını “ədalətsiz” və “tamamilə qəbuledilməz” adlandırıb.
Basta