“Putin rejimi cavab verməli olacaq”

Moskva İctimai Müşahidə Komissiyasının üzvü Yeva Merkaçova hesab edir ki, siyasətçinin ölümünə onun “davamlı olaraq cərimə kamerasında saxlanması” səbəb ola bilərdi.

O əlavə edib ki, cərimə təcridxanasında çox ağır saxlanma şəraiti var.

Navalnı Vladimir vilayətində cəza çəkirdi. Ötən ilin dekabrında Arktikada həbsxanaya köçürülüb. O, Yamalo-Nenets Muxtar Dairəsindəki Xarp qəsəbəsində 3 saylı cəzaçəkmə müəssisəsində saxlanırdı.

Navalnı avqustda ekstremizm ittihamları ilə 19 il həbsə məhkum edilib. Daha öncə isə dələduzluq ittihamları ilə məhkum olunmuşdu. Özü və tərəfdarları isə ittihamları siyasi motivli sayırdı.

47 yaşlı Navalnı 2021-ci ilin yanvarında Almaniyadan Rusiyaya qayıdarkən saxlanılıb. O, Berlində zəhərlənmədən müalicə alırdı, Rusiyada baş verən hadisəni xüsusi əməliyyatçıların avtoritar prezident Vladimir Putinin göstərişi ilə həyata keçirdiyini deyirdi.

Yuliya Navalnaya Münhen konfransında
Yuliya Navalnaya Münhen konfransında

Yuliya Navalnaya nə deyib?

“Bilimirəm, bu dəhşətli xəbərə inanmalıyıq, ya yox. Uzun illərdir ki, biz xəbərləri yalnız rəsmi mediadan alırıq. Biz elə bir situasiyadayıq ki, Putinə və onun hökumətinə inana bilmirik, çünki onlar həmişə yalan danışırlar”.

Bunu hazırda Münhendə keçirilən Təhlkükəsizlik Konfransında olan Yuliya Navalnaya deyib. Siyasətçinin xanımı daha sonra bildirib:

“Amma əgər xəbər doğrudursa, Putin, onun bütün heyəti, ətrafında olanlar bilməlidirlər ki, onlar bizim vətənpərvərimizə, mənim ailəmə və mənin ərimə etdiklərinə görə cəzalandırılacaqlar. Onlar ədalət qarşısına çıxarılacaqlar və həmin gün tezliklə gələcək”.

Reaksiyalar

Latviya prezidenti Edqar Rinkeviç Navalnının ölümü xəbərinə reaksiya verən ilk xarici dövlət başçısı olub.

“Bir siyasətçi kimi Navalnı barədə nə düşündüyünüzdən asılı olmayaraq, o Kreml tərəfindən qəddarlıqla öldürüldü. Bu faktdır və bu fakt Rusiyada indiki rejimin təbiəti haqqında çox şeyi deyir”.

NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə Navalnının ölümü ilə bağlı bütün faktlar müəyyənləşdirilməlidir:

Rusiya ciddi suallara cavab verməlidir”.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan NPR agentliyinə müsahibəsində deyib ki, “təsdiqlənərsə, bu çox dəhşətli faciə olardı”:

“Rusiya hökumətinin öz opponentlərinə zərər vermək kimi uzun və rəzil tarixi real və aşkar suallar doğurur…”

Almaniya kansleri Olaf Şolts deyib ki, Navalnı “öz mətanətinin bədəlini həyatı ilə ödədi”.

Fransanın xarici işlər naziri Stefane Sejurne X platformasında yazıb ki, “Kreml tənqidçisinin islah koloniyasında ölməsi bizə Vladimir Putin rejiminin reallığını bir daha xatırladır”.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib ki, “azadlıq və demokratiya dəyərləri uğrunda döyüşən Navalnı ən böyük qurbanını verdi”.

Gürcüstan prezidenti Salome Zurabişvili Navalnının ölümünə X platformasında münasibət bildirib:

“Aleksey Navalnının ölümü bütün demokratiya və insan haqları müdafiəçiləri üçün faciədir. Mən onun ailəsinə və Rusiyada demokratiya uğrunda mübarizəni davam etdirənlərə başsağlığı verirəm”.

Azərbaycandan reaksiyalar

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ehtimalına görə, o, öldürülə bilərdi:

“Bunun ehtimalı çox yüksəkdir. Navalnı kimi adamlar həbsxanada olanda iqtidar çalışır elə bir vəziyyət olsun ki, onu orada heç kim öldürə bilməsin. Çünki başa düşürlər ki, əks halda bütün günahlar hökümətin üzərində olacaq”.

Amma siyasi şərhçi qeyd edib ki, bu dəfə elə olmayıb.

Onun fikrincə, Navalnını öldürməklə artıq Rusiya cəmiyyətinin “belini qırmış” olublar:

“İnsanlarda elə təəssürat yaratmaq istəyirlər ki, hər şey bitdi, kim bizə qarşı çıxacaqsa onu da yox edə bilərik”.

Müsavatın Partiyasının başqanı Arif Hacılı isə xatırladıb ki, Aleksey Navalnının 47 yaşı olub, 3 gün əvvəl anası ilə, 2 gün əvvəl vəkili ilə görüşüb, 1 gün əvvəl isə məhkəmədə çıxış edib:

“Onun həlak olması çox ciddi suallar yaradır və Putin rejimi bu suallara cavab verməli olacaq”.

O, hesab edir ki, istənilən halda Navalnının ölümünə görə məsuliyyət Putinin rejiminin üzərinə düşür:

“Çünki o artıq 3 ildən çoxdur ki, həbsdədir.Həbsdə olduğu müddətdə 27-ci dəfə cərimə təcridxanasına salınıb və orada 348 gün keçirib. Sonuncu dəfə o yaxınlarının bildirməsinə görə, fevral ayının 14-də cərimə təcridxanasına yerləşdirilib. Bu da onun sağlamlığına ciddi zərbə vurub. İstənilən halda, hətta birbaşa ona qarşı qətl hadisəsi törədilməyibsə belə onun ölümünün məsuliyyəti Navalnını qeyri-qanuni həbsə salan Putin rejimin üzərinə düşür”.

A.Hacılı qeyd edib ki, Navalnının ölümü çox ciddi bir hadisədir və dünya demokratik ictimaiyyəti üçün çox ciddi bir itkidir:

“Yəqin ki, çox ciddi araşdırılacaq. İstisna etmirəm ki, Navalnının Rusiyada seçki kampaniyası (prezident seçkiləri) dövründə həlak olması Rusiyada ümumi siyasi vəziyyətə çox ciddi təsir göstərə bilər”.

***

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə “Turan” Agentliyinə bildirib ki, konkret olaraq bu məsələ ilə bağlı nəyisə demək çətindir:

“Çünki biz Rusiyada vəziyyəti yaxından izləyə bilmirik. Amma bu məsələ suallar doğurur. Rusiyada artıq neçənci dəfədir ki, müxalifət liderləri öz əcəli ilə ya da başqa səbəbdən ölürlər. Maraqlı hadisədir. Rusiyanın hüquq-mühafizə orqanları araşdırmalıdır ki, onlar həqiqətənmi öz əcəli ilə ölürlər, yoxsa burada başqa siyasi səbəblər var?”

MM-in başqa deputatları əlaqə saxlanılsa da “ bunun Azərbaycana aidiyyatı yoxdur” deyərək hadisəyə münasibət bildirmək istəməyiblər.

Moskvanın reaksiyalara reaksiyası

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Navalnının ölümünə xaricdən reaksiyalara əsəbi reaksiya verib:

“NATO ölkələri liderlərinin Navalnının ölümünə birbaşa Rusiyanı ittiham edən reaksiyaları özünüifşadır. Məhkəmə-tibb ekspertizası hələ yoxdur, amma Qərbin çıxardığı nəticələr artıq hazırdır”.

AzadlıqRadiosu