İsraildə azərbaycanlılarla ermənilər arasında şüar qarşıdurması

Avqustun 9-da İsraildə yaşayan bir qrup soydaşımız Ermənistanın işğalçı siyasətinə etiraz olaraq aksiya keçiriblər. Tel-Əviv Yafo şəhərindəki erməni kilsəsi önündə təşkil olunan aksiyada “Vur, keç səngəri, Azərbaycan əsgəri!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Erməni terroruna son!”, “Erməni təcavüzünə son!”, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, Bizim olacaq”, “Sən çağırsan gələrəm mən, yaşa doğma Azərbaycan!, Sənin üçün ölərəm mən, yaşa doğma Azərbaycan!” və digər şüarlar səsləndirilib.

Əvvəlcədən kilsəyə toplaşan erməni icması nümayəndələrinin cavab şüarlar səsləndirməsi gərginliyə səbəb olub, lakin hər hansı bir insident qeydə alınmayıb.

Yerli polis qüvvələrinin nəzarət etdiyi aksiya bəyanatın oxunması ilə başa çatıb.

Bəyanatda bildirilib ki, “İsraildə Azərbaycan Evi”nin İdarə Heyətinin üzvləri və rəhbərləri, eləcə də bu ölkədə fəaliyyət göstərən azərbaycanlı diasporun əlaqələndirmə şurasının üzvləri ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhədində Ermənistanın işğalçı qüvvələrinin törətdiyi hərbi təxribatları pisləyir və buna qəti etirazlarını bildirirlər.