Müsavat Partiyası Divanının iclası keçirilib

Avqustun 10-da Müsavat Partiyası Divanının video-konfrans rejimində növbəti iclası keçirilib. İclasda siyasi məhbus Tofiq Yaqublunun məhkəməsi, Belarusda keçirilən prezident seçkiləri, 14-15 iyul tarixində Milli Orduya dəstək məqsədilə Bakıda keçirilən aksiyadan sonra başlanan kütləvi həbslər, koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması və digər məsələlər müzakirə olunub.

Qeyd edilib ki, Tofiq Yaqublunun məhkəməsi yarıqapalı şəraitdə keçirilir, vəkillərin qaldırdığı vəsatətlər bir qayda olaraq təmin edilmir. Həmin məhkəmə prosesində baş verən qanunsuzluqların ictimaiyyətin diqqətinə çatdırılmasının zəruriliyi, prosesdə müxalifətçilərin iştirakına imkan verilməsə də, partiya yetkililərinin məhkəmə binasının önündə toplaşaraq Tofiq Yaqubluya dəstək ifadə etməsinin vacib olduğunu vurğulanıb.

İclasda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, bu partiyanın sədri Əli Kərimlinin sürücüsü Paşa Umudovu 4 il 6 ay həbsə məhkum edilməsi repressiyaların davamı kimi qiymətləndirilib.

Müsavat Divanı iyulun 14-15-də Bakıda keçirilmiş aksiyadan sonra saxlanılanlara, o cümlədən AXCP fəallarına qarşı işgəncə və amansız rəftar barədə məlumatlardan narahatlığını ifadə edib, hakimiyyəti bu repressiyalara son qoymağa, ölkədəki bütün siyasi məhbuslara dərhal azad etməyə çağırıb.

İclasda qeyd edilib ki, avqustun 9-da Belarusda keçirilən prezident seçkilərində yeni saxtakarlıq üsullarından istifadə olunub. Vaxtından əvvəl təşkil olunan səsvermədə seçicilərin 41 faizinin iştirak etdiyi açıqlanıb ki, bu prosesə yerli və beynəlxalq müşahidəçilərin nəzarət etməsi mümkünsüz olub. Bu amilləri, eləcə də seçki günü səsvermənin nəticələrinin kütləvi şəkildə saxtalaşdırıldığı, buna etiraz edənlərin zorakılıq və təqiblərlə üzləşdiyi haqda çoxsaylı məlumatları nəzərə alan Müsavat Partiyası bəyan edir ki, Belarusda keçirilən seçkilər xalqın iradəsini ifadə etmədiyi üçün, Lukaşenko hakimiyyəti legitim sayıla bilməz.

Sonda cari məsələlər müzakirə olunub.

Basta