Nazarbayevin son ümidi də əlindən alınır
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iyunun 5-də ölkə konstitusiyasına dəyişikliklərlə bağlı referendumun keçirilməsi haqqında fərman imzalayıb. O, bu barədə videomüraciətində məlumat verib. Tokayev deyib ki, konstitusiya islahatı “bütün dövlət modelinin hərtərəfli transformasiyasına” yönəlib. Onun sözlərinə görə, düzəlişlər, xüsusilə, Qazaxıstanın “super-prezident” idarəetmə formasından nüfuzlu parlamenti olan prezident respublikasına keçidini konsolidasiya etmək üçün nəzərdə tutulub.
Tokayev “Qazaxıstan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsini aşağıdakı sualla referenduma çıxarmağı tapşırıb: “Siz respublikanın Konstitusiyasına əlavə və dəyişiklikləri qəbul edirsinizmi?”
Məsələnin belə qoyuluşu bir qədər qəribə görünür. Məsələ ondadır ki, bu yaxınlara qədər qüvvədə olan referendum qanunu ilk prezidentin statusu ilə bağlı məsələnin səsverməyə çıxarılmasını qadağan edir. Lakin Qazaxıstan Parlamenti bu müddəanı istisna edən düzəlişləri iki gün ərzində nəzərdən keçirib və təsdiqləyib.
Mayın 5-də onları Tokayev imzalayıb. Beləliklə, Nursultan Nazarbayevin özü üçün yazmış olduğu və toxunulmaz hesab etdiyi Konstitusiya dəyişdiriləcək və Nazarbayev erası rəsmi olaraq bitəcək. Məncə, ibrətamizdir. Bu gün – mayın 6-da referendumun keçirilməsi haqqında fərmanın özü, o cümlədən əlavə və dəyişikliklərlə qanun layihəsi mətbuatda dərc olunacaq.
Tokayev apreldə Qazaxıstan konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçirəcəyini elan edib. Dəyişikliklər ölkənin əsas qanununun 30-dan çox maddəsini əhatə edəcək. Digər məsələlərlə yanaşı, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin səlahiyyətləri və statusu ilə bağlı müddəaların Konstitusiyadan çıxarıla biləcəyi gözlənilir. Xatırladım ki, bu ilin yanvarında Qazaxıstanda qazın bahalaşmasına etirazlarla başlayan irimiqyaslı iğtişaşlar baş verdi. Onları yatırtmaq üçün Tokayev KTMT ölkələrinin silahlı qüvvələrini dəvət etmişdi. İğtişaşlar fonunda Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən uzaqlaşdırılıb, onun bir çox qohumları isə rəhbər vəzifələrindən məhrum ediliblər. İndi isə Nazarbayevin son ümidi əlindən alınır.
Basta