Britaniya səfirliyi Bakıda dinc aksiyanın dağıdılmasını pislədi
Bakıda “Öldürmə ədaləti, dayandır cinayəti!” şüarı ilə etiraz aksiyası keçirilib
Bakıda “Öldürmə ədaləti, dayandır cinayəti!” şüarı ilə etiraz aksiyası keçirilib.
“Dinc etiraz hüququ və müstəqil media azad cəmiyyətin sütunlarıdır”.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin bu gün bir qrup fəalın Bakıda, Fəvvarələr Meydanında keçirdiyi etiraz aksiyası ilə bağlı bəyanatında deyilir.
“May ayının 14-də dinc etiraz aksiyasının dağıdılması, Bəxtiyar Hacıyev və Aytən Məmmədova kimi bloger və jurnalistlərin son zamanlar məruz qaldığı zorakılıq hadisələri bu hüquqların müdafiəsini sual altına qoyur. Bütün zorakılıq iddiaları hərtərəfli şəkildə araşdırılmalıdır” deyə məlumatda qeyd edilib.
Mayın 14-də bir qrup fəal Bakıda, Fəvvarələr Meydanında etiraz aksiyası keçirib. Aksiya ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə qarşı etiraz məqsədi daşıyıb.
Aksiyanın başlanmasından öncə Fəvvarələr Meydanına və ətraf ərazilərə çoxsaylı polis qüvvələri cəmləşdirilib. Çox sayda insan saxlanılsa da, aksiya baş tutub. Polis daha sonra saxlanılan etirazçıların hamısını sərbəst buraxıb.
Etirazçılar “Öldürmə ədaləti , dayandır cinayəti!”, “Siyasi məhbuslara azadlıq!”, “Mafiya dövləti istəmirik!”, “Kriminal dövlət istəmirik!”, “Polis haqqa yol ver!”, “Qanunu ayaqlama, jurnalisti bıçaqlama!”, “Rədd olsun diktatura!”, “Biz milli hakimiyyət quracağıq!”, “Millətə azadlıq!” və başqa şüarlar səsləndirib. Aksiyada həmçinin bu kimi digər şüarlar da qaldırılıb.
Etirazçıların ön cərgəsində siyasi fəal Tofiq Yaqublu, ictimai fəal Bəxtiyar Hacıyev, hüquq müdafiəçiləri Rüfət Səfərov, Zaur Əkbər, fəallar Nərmin Şahmarzadə, Fatma Mövlamlı, Rəbiyyə Məmmədova və digərləri olub.
Polis qüvvələri aksiya iştirakçılarını dövrəyə alıb və geniş əraziyə yayılmasına imkan verməyib. Polis etirazçıların Fəvvarələr Meydanından Daxili İşlər Nazirliyinin binasının yerləşdiyi Azərbaycan prospektinədək irəliləməsinə imkan verib.
Aksiya iştirakçısı Tükəzban Qasımova bildirib ki, gənc fəallar kriminal dövlət istəmir.
“Ölkədə demokratik rejim qurulanadək mübarizəmizi davam etdirəcəyik. Biz kriminal dövlət istəmirik“.
Öz növbəsində Daxili İşlər Nazirliyi Bakıda keçirilən aksiya ilə bağlı açıqlama yayıb.
Məlumatda deyilir ki, aksiya zamanı heç bir insident qeydə alınmayıb və saxlanılan yoxdur.
Amerikanın səsi