Ukraynanın Azərbaycandakı səfirinin videosu ermənilərə “od qoyub”

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin ötən gün özünün feysbuk səhifəsində paylaşdığı video Ermənistanda narazılıqla qarşılanıb.

Videoda azərbaycanlı əsgər və zabitlərin Ukraynada Rusiya işğalçılarına qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan bəhs olunur. “Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzünün lap əvvəlindən Ukraynanın azərbaycanlı vətəndaşları dövlətin müdafiəsi üçün qətiyyətlə ayağa qalxıblar. Ukrayna Silahlı Qüvvələrinin sıralarında qardaşlarımız torpaqları rus işğalçılarından azad edərək Ukraynanın ərazi bütövlüyünü qəhrəmancasına müdafiə edirlər”.

Ermənistan mətbuatı Ukrayna səfirliyinin bu videonu paylaşmasını az qala diplomatik skandal kimi qələmə verib. 

Həmin 7 dəqiqəlik videoda erməni şərhçilərini qıcıqlandıran əsas məqam isə Ukrayna Radasının deputatı Boqdan Matkivskinin Azərbaycan ordusunun Qarabağdakı uğurunu təqdir etməsidir. Ukraynalı deputat Qarabağın Azərbaycana, Kuril adalarının Yaponiyaya məxsus olduğunu xatırladıb, həmçinin Rusiya tərəfindən ilhaq olunmuş Kalininqradın (Keninsberq) adını çəkib: “Azərbaycanın irəliyə getməsi hərbçilərimiz tərəfindən çox müsbət qarşılandı. Biz Ukrayna kimi torpaqları işğal olunmuş, ilhaq edilmiş ölkələrə müraciət etmişdik. Və belə ölkələr çoxdur. Azərbaycanda Qarabağ, Yaponiyada Kuril adaları… Və Azərbaycanın öz torpaqlarını qaytarması bizim üçün çox önəmlidir”.

Videoda hərbçilərin “Azərbaycan ordusu Qarabağda qalib gəldiyi kimi, Ukrayna ordusu da qalib gələcək” ifadələri də erməni şərhçilərini qəzəbləndirib. 

Rusiyanın Qafqazdakı forpostu olan Ermənistan beynəlxalq birlik tərəfindən layiq olduğu qiyməti almaqdadır. Ukraynanın qələbəsindən sonra Rusiya Qafqazdan da çıxmağa məcbur olacaq və Azərbaycan nəhayət öz ərazi bütövlüyünü tam təmin edəcək. 

 

Basta