Elnur Əsgərov: “Təzyiq və zorakılıqlardan sonra ölkəni tərk etdim”

“Son aylar Müsavat və AXCP-nin keçirdiyi mitinqlər zamanı dəfələrlə polisin təzyiqi və zorakılıqla üzləşmişəm”. 

Bunu Müsavat fəalı Elnur Əsgərov özünün feysbuk səhifəsində yazıb. 

“24 oktyabr 2022-ci il tarixdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sərbəst toplaşmaq azadlığı, insan hüquqlarının qorunması, siyasi məhbuslara azadlıq tələbi ilə Bakı şəhər İcra Hakimyyəti qarşısında keçirdiyi mitinqdə polislər tərəfindən zorakılıqla həbs edilərək, Nəsimi rayon 22-ci polis bölməsində saxlanılmışam. Polis bölməsindən saat 20.00-da buraxılmışam. Bölmədə saxlanılan müddətdə polislər tərəfindən təzyiq və işgəncələrə məruz qalmışam, vəhşicəsinə döyülmüşəm” – deyə, Elnur Əsgərov bildirib.

O, qeyd edib ki AXCP-nin noyabrın 11-də keçirdiyi aksiyada da təzyiqlə üzləşib:  “Mitinq günü məni səhər polislər evdən götürərək Sabunçu rayon 12-ci polis bölməsinə aparıblar, bölmədə mitinqə çıxmamaqla bağlı təhdidlərə məruz qalmışam. Orada telefonum əlimdən alınıb, mən vəkillə əlaqə yarada bilməmişəm. Polis bölməsində telefonumda facebook parolumu təzyiq altında və həbslə hədələyərək məndən alınaraq səhifəmə daxil olublar, rejimə qarşı olan bütün tənqidi statuslarımı zorakılıqla sildiriblər. Eyni zamanda təzyiq göstərərək bir daha belə statuslar yazmamağı tələb ediblər. Polis bölməsində məni saat 11.00-dan 16.00-dək saxlayıblar”.

Elnur Əsgərov  həmçinin noyabrın 15-də Müsavat Partiyasının İran səfirliyinin qarşısında keçirdiyi mitinq ərəfəsində saxlanılıb: “Yenə səhər saatlarında Sabunçu rayon 12-ci polis bölməsinin əməkdaşları gəlib məni evdən zorla bölməyə aparıblar, mitinq başa çatanadək orada saxlanmışam. Bölmədə olan müddətdə təzyiq, təhqir və zorakılıqlara məruz qalmışam. Facebook səhifəmdə fikirlərimi ifadə etməməklə bağlı mənə təhdidlər olunub”.

“Siyasi əqidəmə görə mənə qarşı edilən həbslə bağlı təhdidlərə, fikir azadlığıma, sosial şəbəkə olan facebook-da fikirlərimi ifadə etmək qadağasına, hüquq və azadlığımın məhdudlaşdırılması, mənə qarşı olan təzyiq və zorakılıqlara dözməyərək, çox sevdiyim Vətənimi – Azərbaycanımı tərk etmək məcburiyyətində qaldım. Bu tərk etmənin əsas səbəbkarı Azərbaycanda hazırda hökm sürən rejim və iqtidardır”- deyə, Elnur Əsgərov vurğulayıb.

“Mən 17 aprel 2011-ci ildən Müsavat Partiyasının Sabunçu rayon təşkilatının üzvüyəm. Bu illər ərzində aktiv partiya üzvü olmuşam. 2015-ci ildə Sabunçu rayon təşkilatının sədri kimi fəaliyyət göstərmişəm. Gənc yaşlarımdan Azərbaycanın hazırkı iqtidarına, insanları təzyiq altında saxlayan bu rejimə qarşı mübarizə aparmışam. Azərbaycanda insanların yaşam tərzinin aşağı olması, işsizlik, insan hüquqlarının və fikir azadlıqlarının pozulması, sərbəst toplaşmaq azadlığının əlindən alınması, ədalətin olmaması, demokratik bir dövlət olaraq xoşbəxt yaşamaq üçün həmişə mücadilə aparmışam. Amma bu illər ərzində hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə həbs olunaraq təzyiqlərə, təhdidlərə, zorakılıqlara və işgəncələrə məruz qalmışam” – deyə, müxalifətçi bildirib. 

Basta