Bir daha tarixi səhv barədə
Vaqif Hacıbəyli
44 günlük savaşdan sonra Rusiya hərbi birləşmələrinin “sülhməramlı” adı ilə Azərbaycana gətirilməsini tarixi səhv kimi qiymətləndirmişəm. Mənim bu mövqeyimə qarşı ən sərt təpki göstərən isə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov oldu. Onun qənaətinə görə, mən nahaq yerə “qızıl yumurta verən toyuğu” (курицy несущая золотые яйца) yəni, Rusiyanı pisləyirəmmiş. İndi dövr dəyişib. Tofiq Zülfüqarov hazırda yeni müharibənin qaçılmaz olduğundan danışır.
Biz hərb meydanında udduq, amma siyasi – diplomatik sahədə uduza – uduza gedirik. Bunu etiraf etməliyik. Şuşadan sonra Xankəndini azad etməməyimizi onunla əlaqələndirdilər ki, biz Rusiya ilə üz-üzə gələ bilmərik, artıq qan tökülməsini istəmirik. Fakt odur ki, indi Rusiya ilə üz – üzəyik. Rusiya müdafiə nazirliyi dünən məlumat yayıb ki, Şuşa rayonunda Dağlıq Qarabağın hərbi birləşmələrinin postu Azərbaycan tərəfindən atıcı silahlardan atəşə tutulması nəticəsində iki nəfər yaralanıb (“В Шушинском районе азербайджанской стороной из стрелкового оружия обстрелян пост вооруженных формирований Нагорного Карабаха, в результате чего ранения получили два человека”). Göründüyü kimi, Rusiya müdafiə nazirliyi Qarabağı əvvəlki kimi Dağlıq Qarabağ kimi tanıyır, Azərbaycan müdafiə nazirliyinin bununla bağlı mütəmadi etirazlarını saya salmır, Qarabağda erməni hərbi birləşmələrinin mövcudluğunu və onların təmas xəttində hərbi postlar qurmasını adi hal kimi qəbul edir. Bu nə deməkdir? Bu o deməkdir ki, Ermənistanın hərbi birləşmələri xoşluqla tərksilah olunmayacaq, yenə müharibə olacaq, yenə qan töküləcək. Ya da ki, Qarabağ problemi həll olunub bəyanatı elə söz olaraq qalacaq.
Rusiyanın Azərbaycanda hərbi mövcudluğunun legitimləşdirilməsi tarixi səhv idi. Bunu hamının, o cümlədən sabiq xarici işlər nazirimizin də dərk etməsi üçün heç də böyük zaman tələb olunmadı.