Laçın dəhlizi açıqdır – yalnız Rusiya hərbçiləri istifadə edir

Şuşa-Xankəndi yolunda növbəti dəfə Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə şərait yaradılıb.

Modern.az xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə yolla hərəkətinə davam edib.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq beş gündür davam edir.

Dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Etiraz aksiyası keçirən azərbaycanlı aktivist və QHT nümayəndələri axşam ərazidə quraşdırılan çadırlarda gecələyiblər.

Aksiya iştirakçıları mədənlərin qanunsuz istismarı, ekoloji terror və vətənpərvərlik ruhunda şüarlar səsləndirirlər.

Onlar həmçinin Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki avtomobillərin, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını hər dəfə çağırışlarında bəyan edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.