İranın tanınmış qadın şahmatçısı beynəlxalq turnirdə baş örtüksüz iştirak edib
İranın tanınmış qadın şahmatçılarından biri ölkəsindəki etirazlarla açıq-aşkar həmrəylik göstərərək, Qazaxıstanda keçirilən beynəlxalq turnirdə hicabsız iştirak edib.
İran xəbər agentlikləri dekabrın 26-da bildiriblər ki, iranlı qrossmeyster Sara Xadem Almatıda keçirilən FİDE-nin şahmat üzrə sürətli və blits dünya çempionatında hicabsız mübarizə aparıb.
Hicab 1979-cu il İslam İnqilabından bəri 9 yaşdan yuxarı İran qadınları və qızları üçün ictimai yerlərdə məcburidir.
22 yaşlı Məhsa Əmininin baş örtüyünü “düzgün şəkildə” örtmədiyinə görə İranın əxlaq polisi tərəfindən həbs edilməsindən və orada vəfat etdiyindən sonra iranlılar etiraz əlaməti olaraq bütün ölkə boyu küçələrə çıxıb, qadınlar və hətta məktəbli qızlar misli görünməmiş itaətsizlik nümayişləri keçirib. Bu, 1979-cu il inqilabından sonra İslam hökuməti üçün ən böyük təhlükə olub.
Sarasədat Xademalşəriyə kimi də tanınan Xadem iranlı etirazçılarla həmrəy olan və beynəlxalq yarışlarda hicabsız iştirak edən iranlı idmançılardan sonuncusudur.
Bir neçə iranlı idmançı və tanınmış ictimai xadim, eləcə də futbol ulduzu Əli Dayi hökumət əleyhinə nümayişlərə dəstəklərini bildirdikdən sonra hökumət tərəfindən çağırılıb və ya həbs edilib, bəzən də pasportları müsadirə edilib.
Oktyabr ayında dırmanma üzrə çempion Elnaz Rekabi Seulda keçirilən Asiya çempionatında baş örtüyü olmadan iştirak etməsi mübahisələrə səbəb olmuşdu.
Hökumət iğtişaşlarda Qərb hökumətlərini günahlandırıb. İnsan haqları qruplarının dediyinə görə, etirazlar zamanı 62-si uşaq olmaqla, 500-ə yaxın insan ölüb, yüzlərlə insan yaralanıb.
Minlərlə etirazçı həbs edilib və rəsmilər cinayətkarlar üçün ölüm hökmü də daxil olmaqla, sərt cəzaların verilməsini tələb edib.
Artıq edam edilmiş iki gəncdən əlavə, etirazlara görə azı 100 iranlı edam riski ilə üzləşib.
Amerikanın səsi