15 siyasi fəal aclığı davam etdirir, həkim Tofiq Yaqubluya baş çəkib
“Tofiq Yaqublu israrla aclığı davam etdirəcəyini bildirdi. Dünən, yanvarın 11-də xəstəxanaya köçürüldükdən sonra həyatı üçün vacib funksiyalara dəstək məsədi ilə müəyyən infuziya olunub. Hazırda səhhətində müəyyən stabillik var, təzyiqi normallaşıb. Bu gün həyatı üçün təhklükə yoxdur”.
Bu barədə tibb elmləri doktoru Adil Qeybulla yanvarın 12-də Əjdər Məlikov adına 6 saylı xəstəxanada Tofiq Yaqubluya baş çəkəndən sonra Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, Yaqublu aclığı davam etdirir.
“Hesab edirəm ki, həm yaşı, həm keçirdiyi xəstəliklər nəzərə alınmaqla aclıq onun həyatı üçün təhlükə törədə bilər. Yaqublu həbsindən öncə cərrahi əməliyyata məruz qalıb və hələ tam reabilitasiya olunmayıb. Ona görə də hansısa tədbirlərin görülməsi zəruridir. Yəni onun həbsdən azad edilib, sonra müalicəsini intensiv davam etdirməsi və digər variantlar müzakirə mövzusu ola bilər. Hər halda gözləyirik. Mən axşam saatlarında da Yaqubluya yenə baş çəkəcəm. Həkimlərlə mütəmadi əlaqə saxlayıram. Səhhəti nəzarət altındadır”, Adil Qeybulla Amerikanın Səsinə deyib.
Hazırda Tofiq Yaqublu və Bəxtiyar Hacıyev daxil olmaqla, 15 siyasi fəal “Tofiq Yaqubluya, Bəxtiyar Hacıyevə və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə aclıq aksiyası keçirir.
Müsavat Partiyasının qərargahında aclıq edən Babək Həsənov Amerikanın Səsinə deyib ki, bu gün iki fəal aclığı dayandırıb, daha bir fəal aclığa başlayıb.
“Aclıq edənlərin səhhətində dəyişklik olsa da, ciddi fəsadlar hələ yaranmayıb” , o qeyd edib.
Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan hüquqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.
Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.
Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu “Bəxtiyar Hacıyevə azadlıq!” tələbi ilə keçirilən aksiyadan sonra həbs edilən yeganə şəxsdir.
Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etdiyini bildirib.
Tofiq Yaqublu buna qədər də dəfələrlə həbsdə olub.
İctimai fəalı Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Amma özü bu ittihamı qəbul etmir.
Bəxtiyar Hacıyevin həbsi geniş tənqidlərə yol açıb. Müdafiə Xətti hüquq müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib. Bundan öncə Hacıyev 14 gün aclıq aksiyası keçirib.
Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.
“Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq” , o qeyd edib.
Amerikanın səsi