İsrail qırıcıları İrana zərbələr endirdi
İsrail Hərbi Hava Qüvvələri iyunun 13-nə keçən gecə Tehrana zərbələr endirib.
İsrail rəsmilərinin sözlərinə görə, əməliyyat İranın nüvə proqramını zərərsizləşdirmək məqsədi daşıyır. “The New York Times” İsrail hökumətindəki mənbələrə istinadən bildirir ki, zərbələr İranın nüvə proqramı və uzaqmənzilli raket proqramı üçün vacib olan obyektləri hədəf alıb.
Zərbələr İranın uranın zənginləşdirilməsi zavodunun yerləşdiyi Tehran, Təbriz, Kirmanşah, İsfahan və Nətənzdəki hədəfləri hədəf alıb. Tehran və ətrafında İranın ali hərbi komandanlığının ən azı altı hərbi bazası və iki yaşayış kompleksi hədəfə alınıb. İran dövlət mediası hava zərbələri nəticəsində ölənlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri general Hüseyn Səlaminin də olduğunu bildirib.
***
İran dövlət televiziyası İsrailin hücumu nəticəsində İİKK Baş Qərargah rəisi Hüseyn Səlaminin, general Qulam-Əli Rəşidin, həmçinin İslam Azad Universitetinin prezidenti Məhəmməd Tehrançinin və 2011-2013-cü illərdə Atom Enerjisi Təşkilatına rəhbərlik etmiş nüvə alimi Fereydun Abbasi-Davaninin həlak olduğunu təsdiqləyib.
İsrailin baş naziri Benyamin Netanyahu videomüraciətində deyib ki, İranın nüvə proqramı “İsrail üçün açıq və birbaşa təhlükədir”. Onun sözlərinə görə, zərbələr Natanzdakı uranın zənginləşdirilməsi obyektini, eləcə də İranın aparıcı nüvə alimlərini hədəf alıb. Netanyahu bildirib ki, əməliyyat “lazım olduğu qədər” davam edəcək.
ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, ABŞ əməliyyatda iştirak etmir. O əlavə edib ki, İsrail Vaşinqtona bunun özünümüdafiə aktı olduğu barədə məlumat verib. Hava hücumundan bir neçə saat əvvəl ABŞ prezidenti Donald Tramp xəbərdarlıq etmişdi ki, bu, İranın nüvə proqramının diplomatik həlli şansını məhv edəcək.
İranın İsrailə cavab zərbələri endirəcəyi gözlənilir.