Müsavatdan Tofiq Yaqubluya çağırış
Yanvarın 16-da Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər və qərarların icrası müzakirə edilib.
Rus-sovet ordusunun Bakıda törətdiyi qətliamın 33-cü ildönümü ilə əlaqədar yanvarın 20-də saat 14:00-də Şəhidlər Xiyabanının ziyarət edilməsi qərara alınıb.
Qanunsuz həbs edildikdən sonra aclıq aksiyasına başlayan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun səhhətində ciddi problemlər yarandığı narahatlıqla qeyd edilib. Divan Tofiq Yaqublunun və ona dəstək olaraq aclıq aksiyasına qoşulan fəalların tələblərini dəstəkləyir. Divan aksiyanın ölkədə və beynəlxalq aləmdə artıq geniş rezonans doğurduğunu, eyni zamanda onun səhhətində yaranan problemləri nəzərə alaraq Tofiq Yaqublunu aclıq aksiyasını dayandırmağa çağırır.
Müsavat Partiyası Azərbaycan hakimiyyətindən Tofiq Yaqublunun, Bəxtiyar Hacıyevin, Əli Əliyevin, Əvəz Zeynallının və digər siyasi məhbusların dərhal azad olunmasını, ölkədə repressiyalara son qoyulmasını tələb edir.
İclasda ölkədə və regionda gedən proseslər, Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.