ABŞ narahatdır, Fransa qınayır, Rusiya susur

Rəsmi Yerevan Laçın yolunda Azərbaycan tərəfindən sərhəd-buraxılış məntəqəsinin qurulmasını 10 noyabr 2020-ci il tarixli “Üçtərəfli bəyanatın əsas müddəalarından birinin kobud şəkildə pozulması” kimi qiymətləndirib.

“Rusiya Federasiyasını dəhlizin qanunsuz blokadasını aradan qaldırmağa və Azərbaycan Qüvvələrinin Laçın dəhlizinin bütün təhlükəsizlik zonasından çıxarılmasını təmin etməyə çağırırıq”, Ermənistan XİN-in bəyanatında deyilib.

Lakin Rusiya hələlik Ermənistanın çağırışına cavab verməyib.

ABŞ Dövlət Departamenti sərhəd-buraxılış məntəqəsinin qurulmasının “sülh prosesi və etimadın yaradılması uğrunda səylərə zərbə vuracağından” narahatlığını ifadə edib.

Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Fransa Azərbaycanın Laçın dəhlizində yeni yolun girişində nəzarət-buraxılış məntəqəsinin yaradılmasını pisləyir. Bu, atəşkəs razılaşmaları üzrə götürülmüş öhdəliklərə ziddir və danışıqlar prosesinə ziyan vurur… Fransa Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və malların sərbəst hərəkətinin bərpasını… tələb edir”.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in bəyanatını “Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi” kimi qiymətləndirərək, “qəbuledilməz” olduğunu və “qətiyyətlə rədd etdiyini” bildirib.

Rəsmi Bakı vurğulayıb ki, “sərhəd-nəzarət məntəqəsinin təşkili yol üzrə hərəkət rejimində dəyişiklik yaratmır.” Azərbaycan bir daha bəyan edib ki, Qarabağdakı yerli erməni sakinlərinin “hər iki istiqamətdə məntəqədən keçidi üçün müvafiq şərait mövcuddur”.

Basta