Türkiyədə səslərin “sayılmasına” DİN cəlb edilir?
Türkiyədə seçkilərində səslərin paralel sayılması səlahiyyətinin Daxili İşlər Nazirliyinə həvalə ediləcəyi bildirilir.
CHP-nin sədr müavini Məhərrəm Erkek, “Təəssüf ki, belə bir vəziyyətlə qarşılaşdıq və bunu ilk dəfə bir seçkidə yaşayırıq. Daxili İşlər Nazirliyində paralel strukturun qurulduğunu müəyyən etdik”, deyə partiya qərargahında keçirilən mətbuat konfransında vurğulayıb.
Ərdoğan iqtidarı 2019-cu il seçkilərində səslərin sayılması prosesini manipulyasiya etmək üçün Anadolu Ajansına belə bir görəv vermişdi. Yüksək Seçim Kurulu (Türkiyənin MSK-sı) ikinci plana atılaraq, hər kəsin diqqətini Anadolu Ajansının məlumatlarına yönləndirmişdilər.
Anadolu Ajansı nə etdi? Əvvəl İstanbulda AKP-nin qalib gəldiyi məntəqələrin protokollarını ictimailəşdirməyə başladı. Müxalifət irəli keçmək ərəfəsində olanda isə, məlumatların yayılmasını dayandırdı… Ərdoğan bundan istifadə edib, təkrar seçki elan etdi. Son nəticədə xalqın təpkisi ədaləti bərpa etdi.
Ərdoğan iqtidarı uduzacağını bildiyi üçün bu dəfə səslərin sayılmasına ən çox güvəndiyi dövlət qurumunu – DİN-i cəlb edir.
YSK var ikən, DİN niyə səsləri paralel saymalıdır ki?
Cavab bəlli. Göy gəlib yerə dəysə, Süleyman Soylunun rəhbərlik etdiyi DİN Ərdoğanın məğlubiyyətini rəsmiləşdirməyəcək. Bu, həmin Süleyman Soyludur ki, seçkidə müxalifətin qalib gələcəyi təqdirdə, bunun “darbe” olacağını qabaqcadan bəyan edib.
Müxalifət udsa, “darbedir”, hakimiyyət udsa “xalqın iradəsi” – belə seçki olar?
Odur ki, Türkiyədə hakimiyyətin dəyişməsi seçkidən daha çox, xalqın saxtakarlığa müqavimətindən asılı olacaq.
Azərbaycanda da demokratiyanın, azadlığın, bizim düşərgənin taleyi türk xalqının avtoritarizmlə mübarizədə uğurundan asılı olacaq.
Ümid edək ki, İmamoğlunun dediyi kimi, “Hər şey çox gözəl olacaq”!
Mustafa Hacıbəyli