Vaqner lideri Priqojin geri çəkildi
Vaqner lideri Yevgeni Priqojin Belarusa gedir və ona qarşı ittihamlar qaldırılır, Rusiyanın dövlət mediası xəbər verib.
Məlumatlara görə Rusiya rəhbərliyi tərəfindən “qan tökülməsinin” qarşısını almaq üçün ona və döyüşçülərinə qarşı ittihamlar ləğv ediləcək.
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vaqner muzdluları istəsələr Müdafiə Nazirliyinə qoşula bilərlər.
Vaqner muzdlularının lideri Yevgeni Priqojin qoşunlarının Rusiya paytaxtına doğru irəliləməsini “dayandırmağa” razılaşıb.
Bu barədə Belarus Prezidentnin ofisinə istinadən Reuters xəbər agentliyi məlumat yayıb.
Rusiya Prezidenti ölkənin cənubundakı Rostov şəhərini ələ keçirdiyini deyən Vaqner qrupunun lideri – Yevgeni Priqojini, qiyamda və xəyanətdə ittiham edib.
Vladimir Putin televiziya çıxışında qiyamda iştirak edənlərin cəzalandırılacağını deyib. Vaqner qrupunun lideri ittihamları rədd edir. Yevgeni Priqojin, öz növbəsində, hakimiyyəti korrupsiyada ittiham edir. O, ölkənin hərbi rəhbərliyini devirmək üçün “sona qədər gedəcəyini” bəyan edib.
Şənbə günü Putin yaranmış vəziyyətlə bağlı etdiyi televiziya müraciətində böhranın öhdəsindən gəldiyini bildirib. O, Rusiyanı müdafiə edəcəyinə söz verərək, böhranla mübarizə üçün bütün “lazımi göstərişlərin verildiyini” də vurğulayıb.
Putin Vaqnerin hərəkətlərini “arxadan vurulan zərbə” adlandırıb və vəziyyəti 1917-ci ilin oktyabrı ilə müqayisə edib.
“Biz xəyanətlə üzləşdik, hədsiz ambisiyalar Rusiyaya qarşı xəyanətə gətirib çıxardı”.
Qısa televiziya müraciətində Putin bircə dəfə də Priqojinin adını çəkməyib.
Putinin çıxışından sonra Vaqnerin telegram kanalında Yevgeni Priqojinin səsinə bənzəyən səslə müraciət yayılıb.
Audioyazıda deyilir ki, Vaqner döyüşçüləri vətənə xəyanət etməyib. Əksinə, onlar “Vətənin gələcəyi” uğrunda mübarizə aparan “korrupsiya, yalan və bürokratiyaya” qarşı çıxan “vətənpərvərlərdir”.
Audiomüraciətdə adı çəkilməyən şəxs Afrikaya ayrılan pulları “yeməkdə” və hazırda Ukrayna ilə müharibə üçün yönələn pulları oğurlamaqda ittiham olunur.
Rusiyada baş verənlərin Azərbaycana hər hansı təsiri ola bilərmi?
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev BBC-yə bildirib ki, hələlik bunu demək tezdir.
“Təbii ki, Rusiya böyük bir regional güc olan qonşu dövlətdir. Amma, eyni zamanda müxtəlif iqtisadi və təhlükəsizlik baxımından təsirləri olacaq. 1994-cü ildə çeçen-rus müharibəsində vəziyyət fərqli idi. Hazırkı Azərbaycan daha güclü, iqtisadi baxımdan daha davamlı Azərbaycandır. Heç Ukrayna müharibəsinin də Azərbaycana o qədər təsiri olmayıb”.
Rusiyada baş verənlər Azərbaycanın Rusiya sülhməramlılarının istifadə etdiyi Laçın dəhlizini bağladığı vaxta təsadüf edir. Fərid Şəfiyev baş verənlərin Azərbaycanın Qarabağla bağlı qərarlarına təsir etməyəcəyini deyir:
“Biz bu hadisələrdən əvvəl Rusiyaya təkid edirdik ki, öz sülhməramları ilə bağlı logistik əməliyyatlarını Azərbaycan ərazisindən aparsın. İndi hadisələr hansı istiqamətdə inkişaf edəcək, demək çətindir. Amma bizim Qarabağla bağlı siyasət ona bağlı deyil, biz öz işimizi davam etdirəcəyik”.
“Vaqner”dəki ruh yüksəkliyi Rusiya ordusunda yoxdur
BBC-nin xarici siyasət üzrə redaktoru John Simpson
Hadisələri ən yığcam ifadə edən yeganə söz Vladimir Putinin işlətdiyi “qiyam” sözüdür.
Ancaq yadda saxlamalısınız ki, həmin “qiyamın” arxasında duranlar Rusiya hərbi əməliyyatlarının bəlkə də ən effektiv hissəsidir.
Sıralarında keçmiş məhbusların da olduğu Vaqner qrupu Yevgeni Priqojinin liderliyi ilə yüksək özünəinam hissi ilə seçilən birləşmə halına gətirilib.
Halbuki Rusiya qüvvələri tez-tez ruhdan düşür və əslində orada olmaq istəmirlər.
Hazırda onların çox yaxşı müdafiəsi var, lakin onlar Ukrayna hərbçilərinin onlara nə edə biləcəyindən narahatdırlar. Onlar arasında Priqojinin qüvvələrində olan ruh yüksəkliyi yoxdu.
Vaqner qrupunda cəmi 25 min döyüşçü var, lakin onlar artıq etdiklərindən daha çox şeyə nail ola bilərlər.
Siyasi təhlilçi Fuad Şahbazov BBC-yə şərhində bildirib ki, hələlik Rusiyada baş verənləri “hərbi qiyam” adlandırmaq tezdir. Onun sözlərinə görə, “hərbi qiyam” baş verməsi üçün Rusiya hökumət qüvvələrinin kütləvi şəkildə Priqojinin tərəfinə keçməlidir.
“Hadisələri azsaylı silahlanmış bir qrup özəl hərbi təşkilat qüvvələrinin müqaviməti adlandırmaq olar. Rusiya çox böyük dövlətdir və onun hərbi resurları da kifayət qədər böyükdür, Priqojinin təxminən 15-20 min nəfərlik qüvvə ilə bütün hökümət qüvvələrini üstələyəcəyini düşünmək qeyri-realdır. Təbii ki, burada rejim dəyişikliyindən də söhbət gedə bilməz, çünki Priqojinin Rusiyadakı siyasi rejimi dəyişdirəcək qədər resursu və gücü yoxdur”.
Baş verənlərin Rusiyada sadəcə müəyyən dövr ərzində daxili çaxnaşmaya səbəb olacağını deyən Fuad Şahbazov hesab edir ki, “Putin hələ ki, baş verənlərə nəzarət edə biləcək gücdədir”.
Siyasi təhlilçinin fikrincə, bugunki hadisələr Yevgeni Priqojinin daha əvvəl Putinə verdiyi mesajları ikincinin eşitməməsinin nəticəsidir :
“O, Rusiya müdafiə nazirinin, Baş qərargah rəisinin və bir sıra generalların vəzifədən alınmasını tələb edirdi, lakin Putin bu tələbləri görməzdən gəldi və nəticə bugunki kimi oldu. Putinin xalqa müraciətində baş verənləri “bir qrup şəxsin dövlətə qarşı cinayət əməli və “dövləti arxadan xəncərləmək” adlandırması Putinin Priqojinə onu dəstəkləmədiyinin mesajı idi. Priqojinin buna “Putin səhv tərəfi seçdi və biz Moskvaya doğru hərəkəti davam edəcəyik” cavabını verməsi isə bir daha onu göstərir ki, baş verənlər daxildəki güc dinamiklərinin toqquşmasıdır. Aydın məsələdir ki, siyasi ambisiayları olduğu üçün Yevgeni Priqojin Rusiya siyasətində daha böyük rol oynamaq istəyir”.
Vaqner ikinci şəhərdəki hərbi obyektləri ələ keçirir – BBC mənbələri
BBC Rus Xidmətinin mənbələrinə əsasən, Vaqner döyüşçüləri Rostovla paytaxt Moskva arasında yerləşən Voronej şəhərindəki bütün hərbi obyektləri nəzarət altına alıblar.
Bundan əvvəl Vaqner döyüşçüləri Ukrayna sərhədi yaxınlığındakı Rostov-na-Donu şəhərinə daxil olduqlarını elan ediblər.
Voronej vilayətinin qubernatoru Aleksandr Qusev deyib ki, bölgədə zirehli texnika karvanının hərəkəti ilə bağlı saxta xəbərlər yayılır. Onun sözlərinə görə, Rusiya silahlı qüvvələri Voronej vilayətində antiterror əməliyyatı çərçivəsində “əməliyyat və döyüş tədbirləri” keçirir.
Voronej şəhərinin rəsmiləri hələlik bu iddia ilə bağlı açıqlama verməyiblər.
Vaqner qrupu daha əvvəl Moskvaya doğru gedəcəyini açıqlayıb.
Vaqner qrupunun döyüşçüləri Rusiyanın cənubundakı Rostov şəhərinə daxil olarkən heç bir müqavimətlə üzləşmədiyini deyirlər.
Vaqnerin Telegram səhifəsindəki audiomüraciətində Yevgeni Priqojin iddia edir ki, onun qoşunları şəhəri “[bizim tərəfdən] bir güllə belə atmadan” ələ keçiriblər.
O, həmçinin deyir ki, şəhər əhalisi onun Moskvaya doğru davam edən “ədalət yürüşünü” dəstəkləyir.
Rusiyanın dövlət mediasında isə yerli sakinlərin Vaqner döyüşçüləri ilə mübahisə anlarını əks etdirən görüntülər yayımlanır. BBC bu iddiaları müstəqil olaraq təsdiqləyə bilməyib.
Rusiya şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilir
Vaqner qrupunun ələ keçirdiyi deyilən Rostov və Voronej vilayətləri ilə yanaşı, Moskva da daxil, ölkənin bir çox bölgələrində əlavə təhlükəsizlik tədbirləri həyata keçirilir.
Rusiya mediası Moskva vilayətində Antiterror rejiminin işə salındığını bildirir.
Bu rejim vaxtı hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən yaşayış yerlərinə, inzibati binalara sərbəst daxil ola bilərlər.
Onlara həmçinin rabitə qurumlarının işinə müdaxilə etmək səlahiyyəti verilir.
Putin sərt danışır – amma o, vəziyyətə nəzarət edirmi?
Steve Rosenberg
BBC-nin Rusiya üzrə redaktoru
Bu, Kreml və prezident Vladimir Putin üçün böyük çağırışdır.
Vaqner muzdluları Rusiya tərəfində döyüşüblər. Onların lideri Yevgeni Priqojinin illərdir Kreml və prezident Putinlə çox yaxın əlaqələri olub.
Şənbə günü etdiyi televiziya müraciətində Putin deyib ki, bu, ölkə və Rusiya xalqı üçün “arxadan vurulan zərbədir”.
Bu gün Putindən eşitdiyimiz sərt çıxışdır – o, sanki vəziyyətə hələ də nəzarət etdiyini göstərməyə çalışır.
Onun həqiqətən də vəziyyətə nəzarət etdiyini bilmək üçün bu gün hadisələrin necə inkişaf edəcəyini görməliyik.
Nə baş verib?
Cümə günü muzdlu qruplaşmanın rəhbəri Yevgeni Priqojini Rusiya hərbçilərini Ukraynadakı Vaqner qoşunlarına ölümcül raket zərbəsi endirməkdə ittiham edib, Rusiya Müdafiə Nazirliyi isə bunu təkzib edib.
Priqojin müdafiə naziri Sergey Şoyqu və Baş qərargah rəisi Valeri Gerasimov onunla görüşməsə, Vaqner qüvvələrinin şəhəri mühasirəyə almağa və Moskvaya doğru hərəkət etməyə davam edəcəyini açıqladığı video yayımlayıb.
Rusiyanın Vaqner muzdluları Rusiyanın hərbi rəhbərliyini devirmək üçün “sona qədər gedəcəyini” bəyan edib.
Rusiya hakimiyyəti muzdlu qruplaşmanın rəhbəri Yevgeni Priqojini “hərbi qiyam”da ittiham edib.
Priqojin bildirib ki, Vaqner döyüşçüləri Ukrayna sərhədini keçərək Rusiyanın Rostov-na-Donu şəhərinə daxil olublar.
O deyib ki, onun döyüşçüləri onların qarşısını kəsmək istəyən hər kəsi məhv edəcəklər.
Vaqner özünü “özəl hərbi şirkət” kimi təsvir edir.
Bu qrup ilk dəfə 2014-cü ildə Ukraynanın şərqində rusiyayönlü separatçı qüvvələrə dəstək verərkən nəzərə çarpıb. Həmin dövrdən bəri o, xeyli böyüyüb.
2022-ci ildə Rusiya öz nizami ordusu üçün hərbçilər tapmaqda çətinlik çəkərkən, Vaqner sıralarına cəlb edilənlərin sayı artmağa başlayıb, Britaniya Müdafiə Nazirliyinin məlumatında deyilir.
ABŞ Milli Təhlükəsizlik Şurası bu ilin əvvəlində bildirib ki, Vaqnerin Ukraynadakı qoşunlarının təxminən 80 faizi həbsxanalardan çıxanlardır.
Ukraynadakı Baxmut şəhərinin nəzarət altına alınması uğrunda ağır döyüşlər vaxtı Vaqner qrupu böyük rol oynayıb.
BBC