Söyüdlüdə kənd sakinlərinin müayinəsinə başlanıb

Bazar günü, iyunun 25-də Gədəbəy rayonunun Söyüdlü kəndindəki vəziyyətin araşdırılması ilə bağlı yaradılan dövlət komissiyasının ilkin toplantısı keçirilib.

Azərtac-ın məlumatına görə, iclasda Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü kəndində tullantıxana sahəsində aparılmış monitorinq və mövcud vəziyyətin qiymətləndirilməsi ilə bağlı ilkin nəticələr barədə Baş nazirə məlumat verib.

Bildirilib ki, ərazidə ətraf mühitə təsirlər qiymətləndirilir, o cümlədən su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır.

Eyni zamanda, qeyd olunub ki, ərazidə fəaliyyət göstərən şirkətin imzalanmış sazişə əsasən öz üzərinə götürdüyü öhdəliklərə tam riayət etməsi tələb olunub.

İclasada Söyüdlü kəndində aparılan monitorinqlərin və qiymətləndirmənin yekun nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi vurğulanıb.

Söyüdlü kənd sakinlərinin sağlamlığının öyrənilməsilə bağlı səhiyyə orqanları tərəfindən tibbi müayinələr təşkil edilib. Azərtac-ın bir gün əvvəl yazdığına görə, bu məqsədlə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının 16 nəfərlik tibbi heyəti kənddə olub.

Məlumatda vurğulanır ki, gün ərzində müayinədən keçirilən 30 nəfərədək sakində xüsusi patologiyalar aşkar edilməyib.

Xatırlatma

İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində etiraz aksiyası keçirilib. Kənd sakinlərinin iddiasına görə, ərazidə qızıl mədəninin fəaliyyəti nəticəsində zərərli su hövzəsi ekoloji problemlər yaradıb.

Polis aksiyaya müdaxilə edib, bu zaman gözyaşardıcı qazdan istifadə olunub, saxlananlar var. Saxlananlardan beş nəfərinə inzibati həbs cəzası verilib. DİN isə aksiya iştirakçılarının polisə daş atdıqlarını açıqlayıb. Daha sonra kəndin girişində polis postunun qurulduğu bildirilir.

Hadisələrdən bir gün sonra, iyunun 21-də Söyüdlü ərazisindəki tullantıların yoxlanılması ilə bağlı baş nazirin sərəncamı ilə dövlət komissiyası yaradılıb.

Sərəncamda komissiyaya tapşırılır ki, Söyüdlü kəndi ərazisindəki tullantıxanada monitorinqlər aparılsın, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılması təmin edilsin.

AzadlıRadiosu