Ərdoğan və Zelenskinin bu razılaşması Rusiyanı silkələyəcək
Türkiyə və Ukrayna prezidentlərinin İstanbuldakı görüşünün nəticələri açıqlanıb. Rəcəb Tayyib Ərdoğan və Vladimir Zelensky birgə bəyannamə imzalayıblar
Rəcəb Tayyib Ərdoğanın Vladimir Zelenski ilə söhbəti bağlı qapılar arxasında keçirilib və üç saat davam edib. Daha sonra prezidentlər jurnalistlərin qarşısında birgə bəyannamə imzalayıblar. Sənədin mətni Ukrayna dövlət başçısının saytında dərc edilib. 20 bənddən ibarət olan bu sənədin xüsusən 4,6,7,8, 13 və 14-cü maddələrinin Kremldə böyük narazılıqla qarşılanacağı şübhə doğurmur.
Sənədi təqdim edirik:
Ukrayna və Türkiyə razılığa gəldi:
1. Ölkələr arasında iqtisadiyyat, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq və koordinasiyanı dərinləşdirmək.
2. Kvadriqa formatında əməkdaşlığı davam etdirmək (hər tərəfdən – Xarici işlər və Müdafiə naziri səviyyəsində).
3. Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə qeyd-şərtsiz dəstəyi təsdiqləmək.
4. Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, xüsusilə Krım və Donbasdakı ərazi bütövlüyünün bərpasına yönəlmiş addımların koordinasiyasını davam etdirmək.
5. Beynəlxalq təşkilatlar – BMT, Avropa Şurası və ATƏT çərçivəsində çoxtərəfli səyləri dəstəkləmək.
6. Krımın Rusiya tərəfindən qanunsuz ilhaq edilməsi məsələsini nizamlamaq üçün yeni bir format olaraq Krım Platformasının yaradılmasını dəstəkləmək.
7. Müvəqqəti işğala görə Krımı tərk etmək məcburiyyətində qalan Ukrayna vətəndaşları – Krım tatarlarının yaşayış şərtlərini yaxşılaşdırmaq üçün birgə səyləri artırmaq.
8. İşğal altındakı Krımda insan hüquqlarının qorunmasını və qanunsuz olaraq həbs edilmiş bütün Ukraynalıların sərbəst buraxılmasını təmin etmək üçün səyləri əlaqələndirmək.
9. Donbassdakı vəziyyətin Minsk razılaşmalarına əsaslanan dialoq və sülh yolu ilə həllini dəstəkləmək və bu məsələdə ATƏT-ə maksimum dəstəyi davam etdirmək.
10. Terrorizm, separatizm və ekstremizmin bütün formalarda təzahürlərinə qarşı mübarizədə əməkdaşlıq səylərini gücləndirmək.
11. Beynəlxalq mütəşəkkil cinayətkarlığın, kiber cinayətlərin, qanunsuz miqrasiyanın, narkotik, silah və insan alverinin qarşısının alınması və aradan qaldırılması üçün birgə fəaliyyətlər həyata keçirmək.
12. Ekstradisiya tələblərinin dərhal işlənməsini təmin etmək.
13. Müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da gücləndirmək: cari işləri başa çatdırmaq və yeni birgə layihələr hazırlamaq.
14. Ukraynanın NATO-ya üzv olma perspektivini, xüsusən Ukraynanın yaxın gələcəkdə Üzvlük Fəaliyyət Planını əldə etmək niyyətini dəstəkləmək.
15. Qara dəniz bölgəsindəki sabitliyi və təhlükəsizliyini təmin etmək üçün regional əməkdaşlığı dəstəkləmək.
16. Sərbəst Ticarət Sazişi üzrə danışıqların başa çatmasını sürətləndirmək.
17. İnvestorların və şirkətlərin problemlərinin aradan qaldırılması, yeni investisiyaların təşviqi üçün tədbirlərin görülməsi.
18. Giriş prosedurlarını sadələşdirmək və iki dövlətin vətəndaşları üçün səyahət imkanlarını artırmaq, qarşılıqlı turizmi təşviq etmək.
19. Türkiyənin “Maarif” vəqfinin Ukraynadakı təhsil fəaliyyətlərini dəstəkləmək.
20. COVID-19 pandemiyasını önləmək və azaltmaq üçün əməkdaşlıq etmək.
Qeyd edək ki, bu, son iki ildə Ərdoğan və Zelenskinin artıq 4-cü tet-a-tet görüşüdür. Donbasda gərginliyin artması və Rusiyanın sərhəddə hərbi birləşmələr yığması fonunda Türkiyə Ukraynaya dəstək olaraq ABŞ donanmasının Qara dənizə girməsinə icazə verəcəyini də açıqlayıb.
Mustafa Hacıbəyli
Basta