Sentyabrın 3-də Tofiq Yaqubluya hökm oxunacaq
Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyev Demokratik Qüvvələrin Milli Şurasının və “Müsavat” Partiyasının üzvü Tofiq Yaqublunun son sözünü bir neçə dəfə kəsdikdən, daha sonra isə onu bu hüquqdan tamamilə məhrum etdikdən sonra Yaqublu aclıq elan edib.
Müttəhimin qızı Nigar Həzinin sözlərinə görə, Tofiq Yaqublu öz nitqində məhkəməni “ölkənin ali siyasi rəhbərliyi tərəfindən icazə verilmiş saxta cinayət işinin icraçısı” adlandırıb.
“Yaqubluya qarşı bu həyasız saxtakarlığın sifarişçiləri və icraçıları gec, ya tez qanun qarşısında cavab verəcəklər. Tofiq Yaqublunun qəza və ya başqa qanunazidd əməl törətməsinin bir dənə belə videodəlili olsaydı, onu mütləq telekanallarda nümayiş etdirərdilər”, deyə Nigar Həzi bildirib.
O, atasının səhhəti ilə bağlı narahatlığını bildirib, 2019-cu ilin oktyabrında polis bölməsində işgəncələrə məruz qaldıqdan sonra onun artıq əməliyyat olunduğunu xatırladıb.
“Atamın başına nə isə gəlsə, buna görə İlham Əliyev məsuliyyət daşıyacaq”, deyə o bildirib.
Hökm sentbayrın 3-də oxunacaq. Məhkəmənin iclasından sonra bir qrup fəal Yaqublunun azad edilməsi tələbi ilə şüarlar səsləndirərək, yürüş keçiriblər.
“Heç bir günahı olmayan Tofiq Yaqubluya dövlət ittihamçısının 4 il 6 aylıq həbs cəzası istəməsi dövlətin daha da hörmətsizləşdirilməsinin, məhkəmənin ələ salınmasının, qanunların oyuncağa çevrilməsinin, vətəndaşın dövlət üçün heç bir dəyərənin olmadığının nümayişdir”.
Bunu Müsavat başqanının müavini Səxavət Soltanlı özünün feysbuk səhifəsində yazıb.
“Tofiq Yaqublu 4 gün 6 saat da həbsdə qalmamalıdır. O dərhal azad olunmalıdır!” – deyə, Müsavat yetkilisi vurğulayıb.
* Bu il martın 22-də Tofiq Yaqublunun içində olduğu park edilmiş avtomobilə sükanı arxasında vətəndaş Elxan Cəbrayılovun oturduğu avtomobil vurub. Bundan sonra Cəbrayılov Yaqublu ilə dalaşmağa başlayıb, qəzada onu ittiham edib.
Nizami rayon polisi CM-in 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi açıb.
Yaqublu özü və həmkarları baş verənləri sosial şəbəkələrdə hökuməti tənqid etdiyinə görə müxalifətçini mühakimə etmək məqsədilə törədilmiş təxribat adlandırıblar. Beynəlxalq hüquq müdafiə təşkilatları Yaqublunun həbsini pisləyiblər.
Basta