“Taksiyə ancaq varlılar minməlidir”, – Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi
“Taksi xidmətlərinin qiymətləri, demək olar avtobus qiymətlərinə bərabər olub. Taksi xidmətlərindən əvvəllər olduğu kimi imkanlı insanlar istifadə etməlidir”.
Bunu “ARB” telekanalının efirində Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi Hikmət Babayev deyib.
O hesab edir ki, taksini gündəlik istifadə olunan nəqliyyat vasitəsinə çevirmək doğru deyil. Hikmət Babayev bildirib ki, bunun üçün müntəzəm sərnişin daşıma var.
BNA nümayəndəsinin sözləri sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. Qısa müddətdə BNA-nin bir dövlət şirkəti olaraq vətəndaşların rifahını pisləşdirmək üçün deyil, yaxşılaşdırmaq üçün çalışmalı olduğunu qeyd edən çoxlu sayda şərh yazıldı.
Siyasi ekspert Ərəstun Oruclu Feysbuk səhifəsində Hikmət Babayevin çıxışını şərh edərkən bildirib ki, nəqliyyat sisteminin hazırkı rəhbərliyi keçmiş nəqliyyat naziri Ziya Məmmədovun nəqliyyat müfəttişliyinin “quldurlarından” da pisdir.
“Bunlar daha qəddar, təkəbbürlüdürlər. Onlar öz quldur niyyətlərini “konsepsiya” adlandırır və əhalinin kasıb təbəqəsinin sonuncu pulunu almağa çalışır. Brend kostyum, ayaqqabı geyinən, bahalı evlərdə yaşayan, bahalı avtomobilləri olanlar nəinki çörəyə möhtac olan adamları başa düşmür, heç onları eşitmək də istəmir, onları “qara kütlə” hesab edir”, – o yazıb.
Onun fikrincə, BNA-nin konsepsiyası çarəsizlikdən taksi xidməti ilə məşğul olan minlərlə insanı işsiz qoyacaq, həmçinin bu xidmətdən istifadə edən insanları soyacaq.
İqtisadçı Samir Əliyev “Turan”la söhbətində qeyd edib ki, Hikmət Babayevin sözləri sosial ayrı-seçkilikdir.
“Hikmət Hacıyev hesab edir ki, taksi xidmətindən yalnız varlı adamlar istifadə etməlidir, sadə imkanı olanlar isə yalnız avtobusda getməlidir”.
İqtisadçı qeyd edib ki, BNA bu sahədə rəqabət mühiti yaratmaq, vətəndaşlar üçün münasib qiymətlər təyin etmək, keyfiyyəti artırmaq üçün çalışmalıdır.
“Qiymətlərdən hamı razıdır. Kiçik tariflərlə işləyən sürücülər sərnişindaşıma həcmlərində qazanır. BNA keyfiyyətin yaxşılaşdırılması üzərində çalışmalıdır”.
Samir Əliyevin fikrincə, belə təşəbbüslərlə çıxış etməklə BNA yalnız “Bakı taksi xidməti” Dövlət MMC-nin bazardakı mövqeyini möhkəmləndirmək məqsədi güdür.
“BNA inhisarın, əsassız olaraq yüksək qiymətlərin olmamasına çalışmalıdır. Hazırda isə BNA bunun tam əksini edir”, – deyə o bildirdi.
Onun fikrincə, əgər BNA nümayəndəsi ucuz qiymətin konsepsiyanı pozduğunu deyirsə, agentliyin məqsədi aydındır.
“Digər tərəfdən BNA avtobusların tariflərini də artırmaq istəyir və avtobuslarda gediş haqqının taksidən baha olacağından qorxur”.
O qeyd edib ki, BNA nümayəndələri taksilərin avtobusların yükünü azaltdığını və pandemiya dövründə bunun vacib olduğunu anlamır.
“Əgər taksilər sıradan çıxarılsa, avtobuslar dolu olacaq, bu da koronavirusun yayılmasına gətirib çıxaracaq”, – deyə o bildirib.
Çoxsaylı cəhdlərə baxmayaraq, BNA-dan münasibət öyrənmək mümkün olmayıb.
Hikmət Babayevin sözlərinin BTA-nın rəsmi mövqeyi və ya onun şəxsi mövqeyi olub-olmaması, eləcə də BTA-nın taksi xidmətlərini tənzimləmək niyyətlərinin Prezident İlham Əliyevin iqtisadiyyatı liberallaşdırmağın zəruriliyi ilə bağlı son bəyanatına uyğun olub-olmaması barədə suallarımız açıq qaldı.