Almaniya hökuməti Navalnının zəhərlənməsinə görə Rusiyadan izahat istəyir
Şarite klinikasının təşəbbüsü ilə Bundesverin xüsusi laboratoriyası Aleksey Navalnıdan götürülmüş nümunələrin toksikoloji müayinəsini aparıb. Nəticədə, Navalnının “Noviçok” qrupuna aid kimyəvi maddə ilə zəhərlənməsinə dair danılmaz dəlillər ortaya çıxıb.
Almaniya kansleri Angela Merkel bu gün hökumət üzvləri ilə məsələni müzakirə edib. Hökumət Aleksey Navalnının sui-qəsdin qurbanı olduğu barədə bəyanat verib və Rusiya hökumətindən buna görə izahat istəyib.
“Federal hökumət bu hücumu şiddətlə qınayır. Rusiya hökuməti dərhal baş verənləri izah etməlidir” -deyə, Almaniya hökumətinin bu gün yaydığı bəyanatda deyilir.
Rusiya hakimiyyəti Aleksey Navalnının zəhərlənməsi ilə bağlı cinayət işi açmaqdan imtina edir.
Rusiya prezidenti Vladimir Putinin ən fəal tənqidçisi olan Aleksey Navalnı avqustun 20-də Omsk şəhərindəki hava limanında çay içdikdən sonra halı pisləşib. Əvvəlcə Omskda xəstəxanaya yerləşdirilən Navalnı iki gün sonra müalicə üçün Almaniyaya aparılıb. O, hazırda komada olsa da, həkimlər həyatının təhlükədə olmadığını bildirirlər.
Basta