Təməldən bir də qur(ul)maq

“Ağ zanbaqlar ölkəsi” üzərində xəyal gəzintisi

.

Həyətimizdə, gilənarlığın altında iri bir qum topası vardı. Yarım maşınlıq olardı. Uşaqlığın qumla oynayan çağında o qumluqda yol çəkib şəhər salmaqdan xoşum gəlirdi. Əməlli-başlı şəhər olurdu: girişi, enli küçəsi, dalanları, evləri, milis idarəsi… Saatlar çəkərdi şəhərsalma prosesi.

“Şəhər”imə həmin gün dəyməzdim, bir gecə qalardı. Səhər dağıdıb yenisini başqa cür düzəldərdim.

Bəzən Şuşa yolu kimi dolama yollar çəkir, şəhəri qum təpəsinin başında salırdım. Sonra yol üzüaşağı düz çəpərin dibinə qədər uzanırdı.

Bəzən də Bakı bulvarına oxşayırdı düzəltdiyim. Atam Bakıya gəzməyə aparanda görmüşdüm. Uzun “bulvar”ımın qabağında dəniz də olurdu. Suyu vedrəylə daşıyırdım krandan.

Qış aylarında isə anamın aldığı konstruktor oyuncaqlardan evlər tikərdim. Bir də baxardın mikrorayon salmışam. Ağdamda məscidin yanındakı üçmərtəbə univermaqdan alardı anam onu.

Bir az böyüyəndə daha qumluqda yox, xəyalımda tikərdim tikdiklərimi.

Evimizi azından yüz kərə söküb tikmişəm fikrimdə. Pəncərəsi küçəyə baxırdı. Odur ki, söküb həyətin o başında – milis şöbəsi tərəfdə tikməyi xəyal edirdim. Həm də daha böyüyüb yekə kişi olmuşdum. Ta dizlərimi qucaqlayıb pəncərədə oturan, gəlib-gedənlərə tamaşa edən vaxtım deyildi.

Hər dəfə bir cür alınırdı evim. Yadımdadır, “Baharın 17 anı” filmindən sonra Ştirlisin evinə oxşadırdım onu – Ağdamda bənzəri olmayan bir ev.

İndi İsveçdə evləri görəndə o uşaqlıq xəyallarım yadıma düşür…

.

***

Qriqori Petrovun “Ağ zanbaqlar ölkəsi” kitabını təzəcə oxuyub bitirmişəm. Qızım Ayan soruşur nə haqdadır, deyirəm qonşu Finlandiyanın təməldən qurulması, fin xalqının oyanışı, təzədən doğuluşu haqda. Amma kitabdakı ideya elə bizim üçün də keçərlidir deyirəm: bu gün necəyik, sabah necə ola bilərik… Həvəsə gəldi, deyir oxuyacaq.

.

.

Kitab ilk dəfə 1925-ci ildə serb dilində “Həyat qurucuları” adıyla nəşr olunub. Atatürk onu bütün məktəblərin, xüsusən hərbi məktəblərin tədris proqramına saldırıb. Maraqlıdır ki, rusca yazılan kitab türkcəyə bolqar dilindən, fin dilinə də türkcədən çevrilib.

Aclığın, səfalətin, xəstəliyin, cahilliyin, mənəvi çöküşün, sərxoşluğun, qabalığın hökm sürdüyü bir ölkə təsəvvür edin. Yox, öz sözümlə yazmayım, yaxşısı budur, elə kitabdan misallar verim.

…Qayalıq yerlərdə yaşayan adamlar kobud yonulmuş və pis hörülmüş daş daxmalarda yaşayırdılar. Qapılar alçaq, pəncərələr kiçikdir. Evlərin damı və pəncərəsi yarıtmaz olduğundan soyuq, yağış, qar evə dolurdu. Şüşə demək olar, tapılmırdı, onun yerinə pəncərəyə əsgi və ya karton parçaları yapışdırırdılar.

…Soba boruları isə, ümumiyyətlə, yoxdu. Daşdan və gildən hörülmüş ocaq yanır, qalxan tüstü bütün evə yayılır, sonra isə yol tapıb damdakı dəlikdən çıxırdı. Evdəkilərin gözləri acışır, tüstüdən boğulurdular.

…Adamlar eyni paltarda işləyir, yeyir, yatırdılar. İllərlə yuyunmurdular. Döşəkağıların yuyulması belə ağıllarına gəlmirdi. Adamları bit-birə basmışdı.

…Quyular və tualetlər yanaşı olduğundan su çirklənir, yatalaq xəstəliyi üçün zəmin yaranırdı. Uşaqlar arasında dizenteriya, difteriya, qızılca və çiçək tüğyan edirdi. Qidalanma pisdir, əvəzində dəhşətli, eybəcər sərxoşluq hökm sürürdü. Lal-karların, qozbellərin, korların, ağıldankəmlərin, əl-ayağı şikəst olanların sayı-hesabı yoxdu.

…Bir daxmaya girirsən – üç uşaq torpaq döşəmədə uzanıb qızılca çıxarır. Onların arasında yenicə doğmuş qadın xəstəlikdən inildəyir. Ata isə bərk sərxoş halda oturub.

…Başqa bir daxmada fərqli mənzərə: ana vərəmin son mərhələsini yaşayır, qanlı öskürək başlayıb. Ata qızdırma içində sayıqlayır. Hər ikisi yerdə, cır-cındırdan ibarət yataqda uzanıb. Onların arasında iki qızcığaz, döşəmədə sürünürlər: birinin bir, o birinin iki yaşı var. Canlı skeletdirlər. Qonşulardan haray yoxdur: belə mənzərəyə öyrəşiblər, üstəlik onların da boğazdan yuxarı çətinlikləri var.

…Milyonlarla insan çürüyür, eybəcərləşir, içkiyə qurşanır, pis yollara düşür. Xalq təməlinədək dağılır.

Bunlar 150 il öncənin Finlandiya mənzərələridir. Məhz o vaxt, xalqın və ölkənin fin bataqlıqlarında məhv olduğu zaman Snelman və dostları meydana atıldılar.

Yohan Vilhelm Snelman yazıçı, filosof, ictimai fəal, dövlət xadimi, fin milli oyanış hərəkatının ideoloqudur. Finlandiyada bugünkü rifah cəmiyyətinin qurulmasına səbəb olan milli ideologiyanın yaradıcısı. Doğum günü – 12 may ölkədə Bayraq Günü kimi qeyd edilir.

.

Yohan Vilhelm Snelman

O dövrün əsl vətənsevər ziyalıları Snelmanın başına yığılıb ölkənin elit təbəqəsinə – şəhər əhlinə, siyasətçilərə, elm, incəsənət, mətbuat adamlarına çağırış etdilər: “Nə qədər gec deyil, ölkəni və xalqı xilas edin. Xalqın içinə gedin. Onları müalicə edin, savadlandırın, tərbiyələndirin. Onlara ev tikməyi, təsərrüfat qurmağı, …insan kimi yaşamağı öyrədin. Onların dəhşətli həyatı əhalinin yüksək təbəqəsinin biabırçılığı və cinayətidir”.

Snelman ölkə ziyalılarına müraciətində deyirdi ki, ağayana paltar, nişastalı yaxalıq və ya son dəbli şlyapa ziyalı olmaq deyil: “Ziyalılıq – xalqın beynidir. Xalq sizi, təhsil alandan sonra yaxşı maaş alıb gecələr restoranlarda oturasınız və gününüzü kart və donimo oynamaqla keçirəsiniz deyə böyüdüb tərbiyələndirməyib. …Siz xalqın ağlını, iradəsini, enerjisini və vicdanını oyatmağa borclusunuz. …Ziyalı olmanız sizin imtiyazınız deyil. Hakimiyyətə yiyələnmək, şöhrət qazanmaq və tox yaşamaq haqqı da deyil. Ziyalılığınız sizin məsuliyyətiniz və xidmətinizdir.

Bir neçə onillik keçdi, çağırışlar, görülən işlər bəhrəsini verdi. Kitabın müəllifi, rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Petrov ötən əsrin əvvəllərində Finlandiyaya səfər edəndə mənzərə artıq dəyişmişdi:

…Abo şəhərinin bir milyon yüz əlli min manatlıq qazancının təqribən iki yüz min manatı məktəblərin xərci üçün ayrılıb.

…İngilis zavodlarında poladı döyüb bərkitdikləri kimi biz də öz gənclərimizi məktəblərdə möhkəmlədib həyata hazırlayırıq. Məktəblərimizin köməyi ilə bataqlıqlar və çılpaq daşlıqlar arasında özümüzə yaratdığımız abadlıq və firavanlıqla Rusiyanın başqa yerlərində rastlaşa bilməzsiniz. Məktəblərimizi əlimizdən alın, biz məhv olacağıq. Təhsilin ölkədə belə geniş yayılması nəticəsində əhali oxumağa alımış, qəzet və kitaba bağlanmışdır.

…Ölkədə qəzetlər də məktəblər kimi çox sıx yayılıb. On səkkiz min əhalisi olan Vıborqda ikisi fin, ikisi isveç dilində olmaqla dörd qəzet buraxılır. Kəndlərdə demək olar, hər ailə qəzetlərə abunəçidir.

…Mənə belə bir əhvalat danışdılar. Bir kənddə iki gecəqondu var, ancaq buranın adətincə hər ikisi çox təmizdir. Onların birində hər iki ayağını itirmiş qoca yaşayır. İkinci evdə gözləri görməyən qoca qarıyla on yaşlı nəvəsi qalır. Bu yoxsul və şikəst qocalar şərik olub ikisi bir qəzetə abunə yazılıblar. Nəvə hər gün poçta gedib qəzeti götürür, kor nənəsinin əlindən tutub ayaqsız qocanın evinə gətirir və onlar üçün qəzeti başdan ayağa oxuyur.

Kitabda belə nümunələr çoxdur. Sözümün canı odur ki, Snelman və dostlarının xəyal-ideyaları bu günün Finlandiyasında həqiqət kimi təcəssüm etdi.

İndi Finlandiyanın adı BMT-nin “Xoşbəxtlik haqda məruzə”sində birinci yerdə çəkilir, “Newsweek” jurnalı Finlandiyanı “dünyanın ən yaxşı ölkəsi”, ABŞ-ın “Sülh fondu” “dünyanın ən stabil dövləti” hesab edir. Fin təhsil sistemi dünyanın ən qabaqcıl təhsil modeli sayılır.

İnsan hüquqları, gender bərabərliyi, demokratiya, sosial rifah sahəsində dünya öncüllərindən olan Finlandiyanı bu gün qadınların çoxluq təşkil etdiyi (kabinet üzvünün 12-si qadın, 8-i kişidir), 34 yaşlı xanım Sanna Marinin baş nazir olduğu hökumət idarə edir. Parlament üzvlərinin 47 faizi qadındır.

.

Soldan sağa: təhsil naziri Li Anderson (32 yaş), maliyə naziri Karti Kulmuni (32 yaş), Baş nazir Sanna Marin (34 yaş) və daxili işlər naziri Maria Ohisal (34 yaş)

İqtisadi göstəricilərini sadalayıb sizi yormayım, tək onu deyim ki, 50 min dollarlıq adambaşına düşən Ümumi Daxili Məhsulla Almaniya, Britaniya, Fransa, Yaponiya kimi dünya nəhənglərindən öndədir.

.

***

…Xəyallarım indi də bitib tükənmir. İndi təzə bir ölkə qururam, hər gün yeni-yeni çalarlar qatılır mənim alabəzək xəyallarıma.

Xəyalımdakı ölkədə yeni nəsil uşaq bağçasında yıxılanda özü qalxmağı, orta məktəbdə ləyaqətli şəxsiyyət olmağı, universitetdə vətəndaşlığı, ölkə və xalq qarşısında məsuliyyət daşımağı və xidmət etməyi öyrənirlər.

Bu insanlar özünüidarə mexanizmlərini mənimsəyib ədalət, haqq, hüquq, vicdan təməlləri üzərində bir cəmiyyət qururlar. Dirçəlişə ölkənin ucqarlarından başlayırlar. Ən uzaqları belə yaxın etsinlər deyə yeni paytaxtı Azərbaycanın mərkəzi torpaqlarında tikirlər. Burada kəndlə şəhər rifah baxımdan bir-birindən fərqlənmir. Eynən Skandinaviya ölkələri kimi.

Universitetlər ölkənin əyalətlərinə köçürülür. Dünyanın məşhur universitetləriylə mübadilə-əməkdaşlıq əlaqələri qurulur. Tanınmış brendlər yatırıma tələsir. İri şirkətləri üzünü əyalətlərə tutmağa şirnikləndirən qanunlar qəbul edilir. Sənayeləşmə, təhsil səviyyəsi ölkə boyunca bərabər bölünsün deyə.

Yalamadan Astarayacan Xəzər sahili dünyanın ən gözəl kurort bölgəsinə çevrilir. Məşhur Fransız Rivierası kimi, rusların “Lazurnı bereq” (“Лазурный берег”) dediyi yer kimi. Dörd bir qitədən insanlar bizim Xəzərə axışır.

Dünyaya səpələnən soydaşlarımız qərib ömrə son qoyub geri dönürlər. Deyir tək Almaniyada mindən artıq həkimimiz işləyir, ən bacarıqlı biznesmenlərimiz Rusiya çöllərindədir, dünyanın neçə universitetində alimlərimiz dərs deyir. Hamısı Yurda qayıdır.

Şuşa başdan-başa açıq muzeyə çevrilib, adına Şərqin Mədəniyyət Muzeyi deyirlər. YUNESKO hər yay bir toplantısını burda keçirir.

Xəyalımda doğulan bu yeni nəsil dünya mediasının gündəminə düşən caz müsabiqəsini Bakıda, klassik musiqi yarışmasını Gəncədə, kino festivalını Şəkidə keçirir, dünyanın adlı-sanlı yazarlarına ədəbiyyat ödülünü Qazaxda təqdim edir.

İllər keçir və budur, Qarabağı azad etmiş Azərbaycan dünyanın ən firavan məmləkətləri sırasındadır. Yohan Snelmanın Finlandiyası ilə, o biri Skandinaviya ölkələri ilə ilk beşliyi bölüşür…

.

***

Mənə xəyalpərəst deyirsiniz yəqin. Elədir, xəyalpərəstəm. Qoşulun, birlikdə quraq xəyallarımızı! Bütün reallıqlar xəyallardan doğur. Bu günün həqiqətləri dünən xəyal deyildimi?!

.

Vahid Qazi

Sentyabr, 2020

Helsinqborq, İsveç