İlham Əliyev Blinkenin köməkçisini qəbul etdi
Çərşənbə günü dövlət başçısı İlham Əliyev ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayeni qəbul edib.
Rəsmi Bakının məlumatına görə, görüşdə O’Braynın ölkəmizə səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsi və regional məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından əhəmiyyəti qeyd edilib.
İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu deyərək, ölkələrimizin Azərbaycanın müstəqilliyi illərində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib.
Dövlət başçısı 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini, Azərbaycan ərazilərinə silah-sursat və hərbi qulluqçular göndərdiyini, separatizmi dəstəklədiyini qeyd edərək, Azərbaycanın antiterror tədbirlərini öz suveren ərazilərində keçirdiyini, təcavüzkar separatizmə son qoyduğunu və əməliyyatın keçirilməsi zamanı nümunəvi şəkildə beynəlxalq humanitar hüququn tələblərinə riayət etdiyini, mülki insanlara və infrastruktura hər hansı zərərin dəymədiyini diqqətə çatdırıb.
Ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulayan İlham Əliyev bildirib ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər.
İlham Əliyev enerji sahəsində əməkdaşlığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və bərpa olunan enerji potensialının inkişafı istiqamətində Xəzərdə və Qara dənizdə həyata keçirilən layihələri qeyd edib.
Ceyms O’Brayn öz növbəsində ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaşlar olduqlarını vurğulayıb. O, Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-ın roluna toxunub, ölkəsinin regionda sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini dedi, bu xüsusda danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırıb.
Ceyms O’Brayn Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyi vurğulayıb. O, ABŞ-Azərbaycan münasibətlərində gələcəyə baxışın vacibliyini bildirilib.
Görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirilib.
Ceyms O’Brayn özünün “X” hesabında ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini müzakirə etmək üçün Azərbaycan prezidenti İlham Əliyevlə ilk “konstruktiv” söhbət apardıqlarını yazıb.
“Regionda davamlı, ləyaqətli sülhün bərqərar olması tarixi imkanlar açacaq”, o qeyd edib.